“O, ölkə həyatının bütün sahələrində davamlı inkişafın və islahatların banisi olmuşdur” – Deputat

Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiyməti əks etdirir. O, xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur.

O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz onun adı ilə bağlıdır.

Fransa müqavimət hərəkatının lideri Şarl de Qoll faşistlərin viran qoyduğu və xarabazara çevirdiyi Paris şəhərinə 1944-cü ildə qədəm qoyarkən ürək ağrısı ilə bu sözləri söyləmişdi: “Fransada dövlətçilik yoxdur, deməli, heç nə yoxdur”. O, fransızların itirilmiş dövlətçiliyini bərpa etdi, “asayişə hə, xaosa yox” dedi. Fransızlar dövlətçilik qarşısında bu misilsiz xidmətinə görə əbədi olaraq Şarl de Qolla minnətdardırlar.

Ümummilli Lider də 1993-cü ilin 9 iyununda Bakı şəhərinə qədəm qoyarkən “Azərbaycanda da dövlətçilik itirilmişdi, deməli, heç nə yox idi”. Heydər Əliyev ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını  qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Xalqımız dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə zəmanəmizin dühası Heydər Əliyevə əbədi olaraq minnətdardır.
Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşqun yüksəliş illəri “Milli intibah dövrü” kimi xarakterizə olunur. Bu dövrün hər iki mərhələsi (1969-1982-ci və 1993-2003-cü illər) bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənsə də, zəmanəmizin dühasının xalqa, Vətənə xidməti və hakimiyyətin hər iki mərhələsində qazandığı böyük uğurlar baxımından olduqca oxşardırlar. Təkcə bircə faktı qeyd edək ki, 1969-1982-ci illərdə respublika iqtisadiyyatına 32 milyard rubldan çox kapital qoyulmuşdu ki, bu göstərici 1920-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatına yatırılan investisiyadan 2,3 dəfə çox idi. Azərbaycan həmin illərdə 65 ölkəyə 350 adda məhsul ixrac edən sənaye respublikası kimi özünü təsdiqləmişdi.
1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə Naxçıvana qayıdan Heydər Əliyev sözün həqiqi mənasında bu qədim Azərbaycan torpağını erməni işğalından hifz edə bildi. Naxçıvan Azərbaycanın qurtuluşuna gedən tarixi proseslərin mərkəzinə çevrildi. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamentinin sessiyasında muxtar respublikanın adından “Sovet Sosialist” sözləri götürüldü. “Ali Sovet” sözü “Ali Məclis” sözü ilə əvəz olundu. Azərbaycan Xalq Cümhuriyətinin (AXC) üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiqləndi. Dövlət gerbi haqqında qərar qəbul edildi ki, məsələ araşdırılsın və konkret təkliflər Ali Məclisin müzakirəsinə verilsin.
Nəticədə 1991-ci il fevralın 5-də Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü reallaşdı. Belə ki, həmin gün Azərbaycan Respublikasının Ali Sovetinin sessiyası “Azərbaycan SSR” adının “Azərbaycan Respublikası” adlandırılması, AXC-nin bayrağının dövlət bayrağı kimi təsis edilməsi haqqında qərar verdi.
1991-ci il martın 17-də SSRİ-nin saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda ümumxalq səsverməsi keçirilmədi. Bu addımı ilə zəmanəmizin dühası olan Heydər Əliyev növbəti tarixi uzaqgörənliyə imza atdı, böyük  cəsarət nümunəsi sərgiləmiş oldu.
Eyni cəsarət,  prinsipiallıq və vətənsevərliyi Ulu Öndər Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsinə münasibətdə bir daha nümayiş etdirdi. Faciənin səhərisi günü Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə qoyaraq Azərbaycanın Moskvadakı nümayandəliyinə gəldi və 20 Yanvar faciəsini törədənlərə qarşı açıq ittihamlarla çıxış etdi. Qətliama görə birbaşa məsuliyyət daşıyan SSRİ və Azərbaycan rəhbərliyini ifşa etdi. Bu bəyanatdan daha da hiddətlənən SSRİ prezidenti Mixail Qorbaçov Heydər Əliyevin həbsinə qərar versə də, son nəticədə onu icra etməyə cəsarəti çatmadı. Beləliklə, 20 Yanvar faciəsində qanlı təcavüzə məruz qalmış Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdıran yeganə şəxsiyyət Heydər Əliyev oldu. Məhz xalqımıza qarşı bu amansız hərbi təcavüz cinayətinə cavab olaraq Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Bütün bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin xalqın təkidli xahişi və tələbi ilə hakimiyyətə tarixi qayıdışı və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri funksiyasını öz üzərinə götürməsi ilə bağlı olduqca şərəfli və məsuliyyətli qərarı dayanır.
Bu dövr Ulu Öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayır. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə  torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində  bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi.
Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşmişdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşmüşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən 907-ci əlavəni qəbul etmişdi.
Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnflyasiya 1992-ci ildə 1174 faiz, 1993-cü ildə isə 1080 faizə çatmışdı. 1993-cü ildə ÜDM 31,4 milyon manat, dövlət büdcəsi 10,7 milyon manat təşkil edirdi. Bu məqamda Prezident İlham Əliyevin  həmin dövrü tam xarakterizə edən fikirlərinə diqqəti cəlb etmək yerinə düşər: “1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövr  itirilmiş imkanlar, itkilər dövrü idi… 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr  biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi”.
Qeyd etdiyimiz kimi, yalnız Ümummilli Liderin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Ümummilli Lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Məhz onun təşəbbüsü və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il Konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynadı.
Şəxsiyyət azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində Ümummilli Liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində unikal genetik irsə, zəngin təcrübəyə, böyük intellektə və geniş təşkilatçılıq  qabiliyyətinə malik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, mərhəmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir.
1993-cü ildən etibarən Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaradıldı.
Daxili siyasi sabitlik və iqtisadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyasını da müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini də “yeni neft diplomatiyası” təşkil edirdi. 1994-cü il sentyabrın 20-də  dünyanın 8 ölkəsinin 12 şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.
Azərbaycan xalqı artıq 20 ildir ki, qəlbində əbədi heykəlini qoyduğu Ulu Öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün onun şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu  və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələ Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.  Müzəffər Azərbaycan Ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.
Bu məqamda Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin fikirlərinə istinad etmək yerinə düşər: “Düşünürəm, hal-hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir.  Son illər ərzində heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqı və dövlətinin milli maraqlarını müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək nəsib olmamışdır”. Əlavə şərhə ehtiyac yoxdur.
Yaşasın Heydər Əliyev siyasi kursu! Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!
Qarabağ  bizimdir!  Qarabağ Azərbaycandır!

Elman NƏSİROV,
Milli Məclisin deputatı