Heydər Əliyev yolu və tarixi missiyanın uğurlu davamı

İnsan nə doğulduğu günü, nə də öldüyü günü özü müəyyən edə bilmir. Amma bu iki gün arasındakı məsafəni- ömür yolunu, həyatı necə yaşamaq insanın özündən, istedadından, ağlından, biliyindən, zəhmətindən, xarakterindən asılıdır. Dünyada nə qədər insan varsa, o qədər də tale var, deyirlər. Hər kəs öz ömrünü bir cürə yaşayır: bədbinlik və uğursuzluq içində ömrünü başa vuran da, bomboz, miyanə ömür sürən də var, mübarizə dolu, şərəfli qalib ömrü yaşayan da. Bir də seçilmişlər var ki, ulu Tanrı onları yer üzünə sanki, xüsusi missiya üçün seçib göndərir və bu seçilmişlər xalqların və bəşəriyyətin həyatında xüsusi rol oynayır, milyonları xilas edir, cəmiyyətə xoşbəxtlik və rifah bəxş edir.
Heç şübhəsiz ki, XX əsrdə Tanrının seçib yer üzərinə xüsusi missiya ilə göndərdiyi dahilərdən biri də müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevdir.
Azərbaycan xalqı istedadlı və qüdrətli xalqdır və xalqımız çoxəsirlik tarixi boyu onlarla dünya şöhrətli dahi, dövlət, hərbi, ədəbiyyat və mədəniyyət xadimləri yetirmişdir. Lakin Ulu Öndər Heydər Əliyev onların hamısının fövqündə dayanan, bəşər övladının min ildə bir yaratdığı tarixi şəxsiyyətdir.
Heydər Əliyev öz xalqı üçün iki dəfə və bir- birinə zidd ictimai- siyasi formasiyada dövlət qurmuş, regionda tarixin gedişini dəyişə bilmiş böyük dövlət adamıdır.
Ulu Öndər Heydər Əliyevin bütün həyatı mübarizələrdə keçmişdir və O, həmişə qalib gəlmişdir. Çünki onun mübarizəsi haqq işi uğrunda, ədalət uğrunda, canından əziz sevdiyi Vətəninin işıqlı sabahı və xalqının xoşbəxtliyi üçün olmuşdur.
1969- cu ilin 14 iyul tarixində Sovet Azərbaycanına rəhbərliyə irəli çəkilən Heydər Əliyev böyük inamla və o dövrün tələblərinə rəğmən böyük cəsarət nümayiş etdirərək, təkcə rəhbərlik etdiyi respublikaya deyil, bütün Sovetlər İttifaqına bəyan etdi ki, bu cür yaşamaq və işləmək olmaz. Həmin vaxtlar Azərbaycan sosial- iqtisadi göstəricilərinə görə SSRİ-nin 15 respublikası arasında axırdan ikinci yerdə idi, ölkədə rüşvət, korrupsiya, ətalət, intizamsızlıq baş alıb gedirdi, mədəniyyət və elm sahəsində deqradasiya başlamışdı, əhali, xüsusi ilə kənd adamları yoxsullğun cəngində boğulurdu. Yeni ideyalar və yeni çağrışlarla ölkə həyatına bir dinamizm gətirən Ulu Öndər qısa müddət ərzində respublikadakı bütün sağlam qüvvələri səfərbər edib bir məqsədə- Azərbaycanın iqtisadi qüdrətinin artmasına və azərbaycan xalqının mili- mənəvi və sosial dirçəlişinə yönəldə bildi. Heydər Əliyevin o illərdə irəli sürdüyü “qoy ədalət zəfər çalsın!” şüarı həm də Ulu Öndərin dünyaya baxışının və mübarizəsinin kredosu idi!
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969- 1982- ci illər Sovet Azərbaycanının tarixinin ən parlaq, ən xoşbəxt və ən şərəfli səhifələridir. Bu illər ərzində Azərbaycan İttifaq dövlətinin ən geridə qalmış xammal bazası olan respublikasından yüz minlərlə insanın çalışdığı və yüksək əmək haqqı aldığı zavod və fabriklərə malik, zəngin və qüdrətli sənayesi, inkişaf etmiş heyvandarlıq, emal sənayesi kompleksləri, məhsuldar pambıq, üzüm və taxıl tarlaları, bağ- bostan sahələri olan şöhrətli ölkəyə çevirildi. Heydər Əliyevin həmin dönəmdə öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir milli elitanın yaranması və formalaşmasına böyük qayğı göstərməsi idi. O illərdə Azərbaycan mədəniyyəti və incəsənəti, təhsili və elmi ən parlaq dövrünə qədəm qoydu, Rəşid Behbudov, Müslüm Moqamayev, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Zeynəb Xanlarova, Vaqif Mustafazadə və s.incəsənət ustalarının musiqisi və bəstələri ölkə və ittifaq salonlarını aşaraq dünyanı dolaşmağa başladı. Onlarla ədəbiyyat və mədəniyyət xadimlərimiz məhz Heydər Əliyevin böyük köməkliyi sayəsində SSRİ- nin ən ali mükafatına- Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldü. Bütün bunların arxasında bir məqsəd, bir amal dayanırdı: doğma Azərbaycanı tanıtmaq, sevdirmək ona hörmət və şöhrət gətirmək! Ulu öndə bunu bacardı!
Əslən Bakıdan olan, uzun illər SSRİ Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləmiş Nikolay Baybakov deyirdi: “Mən Azərbaycanı, azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci bir adam tanımıram”.
Ulu Öndərin öz Vətəninə və Xalqına hədsiz sevgisi və bağlılığı həm də onun zəngin mənəviyyatının bir göstəricisi idi. Heydər Əliyevin həyat və mübarizə yolu böyük bir məktəbdir, onun fəaliyyətinin hər günü bir dərslikdir. Bəzən deyirlər ki, siyasətdə səmimiyyət olmur. Amma Ulu Öndər bunun əksini subut etmiş oldu. Bir müsahibəsində jurnalistin siyasətdə ən çox önəm verdiyiniz nədir,- sualına cavab olaraq söyləmişdi,- səmimiyyət!
Ulu Öndər sevgisində də, qayğısında da, təbəssümündə də, tərifində də səmimi idi. İntizamı, çalışqanlığı, dürüstlüyü yüksək qiymətləndirən böyük rəhbər bəzən ildırım kimi çaxan qəzəbində də, qılınc kimi kəsən tənqidində də səmimi idi. Ümummilli lider böyük amalların, böyük düşüncələrin, böyük məqsədlərin adamı idi, həsəd, qısqanclıq, qisasçılıq kimi hislər ona yad idi. Çıxışlarından birində söyləmişdi ki, mənə qarşı olan heç bir yaxşılığı, diqqəti, hörməti heç zaman unutmadım, əksinə mənə qarşı olan dönüklüyü, xüsusi ilə, qayğı göstərdiyim, irəli çəkdiyim adamların namərdliyini bağışladım, heç kimə qarşı nə kinim, nə nifrətim yoxdur, zaman onların qiymətini vermişdir. Bu yanaşma Ulu Öndərin yüksək mənəvi keyfiyyətlərindən biri olmaqla yanaşı, həm də onun birləşdiricilik missiyasının təlabatından irəli gəlirdi.
Bir çox politoloqlar, siyasi təhlilçilər Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətini araşdırarkən müxtəlif dövrlərə, mərhələlərə bölürlər. Fikrimcə, bu bölgülərin hamısı şərtidir. Heydər Əliyevin həyatı və mübarizəsi tamdır, bütövdür və bu şərəfli yolun hər addımı Azərbaycana xidmətdən ibarətdir.
Böyük dövlət xadimi Heydər Əliyevin fəaliyyətinin DTK dövrü də, Axərbaycan Kommunist Partiyası dövrü də, Moskvada rəhbərlik dövrü də, vəzifələrindən kənarlaşdırıldığı dövr də, Naxçıvan dövrü də, müstəqil Azərbaycanın dövlət quruculuğu dövrü də bir mükəmməl siyasət dərsliyinin bir- biri ilə sıx bağlı fəsilləridir. Ulu Öndərin həyatı və mübarızəsi həm də hər kəs üçün bir örnək, mərdlik, ədalət, əxlaq, mənəviyyat, müdriklik məktəbidir.
Ulu Öndər Heydər Əliyev taleyinə böyük missiya yazılmış xarizmatik bir lider kimi dünya siyasət tarixində öz şərəfli yerini həmişəlik müəyyən etmişdir. Xarizmatik liderlərə xas bütün üstün keyfiyyətlər: cazibədarlıq, cəsarətlilik, zamanında düzgün qərar vermə bacarığı, müdriklik, resursları düzgün qiymətləndirmək və səfərbər etmək, yüksək intizam və təşkilatcılıq, fenomenal yaddaş, parlaq zəka və natiqlik, dərin bilik və geniş dünya görüşü, uca boy- buxun, şax qamət, səliqəli geyimi, dəqiq jestləri, duruşu, baxıışı Ulu Öndər Heydər Əliyevi təkcə öz xalqının deyil, dünyada onu tanıyan hər kəsin sevimlisi etmişdi. Onu dünya liderlərinin hamısı tanıyırdı, hər kəs onu məftunluqlada dinləyir, ondan öyrənir, onunla hesablaşırdı. Təsadüfi deyildi ki, Amerikanın Prezidenti Bill Klinton Azərbaycan xalqının milli liderinə yüksək qiymət vermiş və söyləmişdi: Heydər Əliyev nəinki Azərbaycanı, nəinki Amerikanı, bütün dünyanı idarə etməyə qadir olan böyük dövlət xadimidir.
Bir neçə kəlmə də Ulu Öndərin tarixi missiyası barədə fikirlərimi bölüşmək istəyirəm. Bu barədə müxtəlif politoloqların çıxışlarında və məqalələrində bənzər və fərqli fikirlər olduğunu da təbii qəbul etmək lazımdlr. Çünki Ümummilli Liderin parlaq şəxsiyyəti, yorulmaz və çoxşaxəli fəaliyyəti, qalibiyyətli mübarizə yolu onun yer adamından çox, Tanrının xüsusi missiya daşıyan seçilmişlərindən olduğu qənaətini hər kəsdə yəqinləşdirir. Heç şübhəsiz ki, Ulu Öndərin öz Vətəni və xalqı qarşısında ən birinci missiyası dövlət quruculuğu missiyası idi ki, bu şərəfli vəzifəni O, iki dəfə, həm Sovet Azərbaycanını inkişaf və tərəqqi yoluna çıxartmaqla, həm də müasir müstəqil Azərbaycan dövlətini qurmaqla, qoruyub möhkəmləndirməklə yerinə yetirmiş oldu.
Ulu Öndərin ikinci missiyası, fikrimcə, xilaskarlıq missiyası idi. Bu missiyasını yerinə yetirərkən Heydər Əliyev həm fərdləri, həm də xalqı və dövləti faciələrdən, fəlakət və məhv olma təhlükəsindən xilas etmişdir. Sovet höküməti zamanında Azərbaycanın dövlət təhlükəsizlik orqanlarında və Kommunist Partiyasının rəhbərliyində olarkən Ulu Öndər onlarla ziyalımızı, şairi, yazıçını, bəstəkarı, alimi təhlükəsizlik və inzibati orqanların təqibindən xilas etmişdi. Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində və Yazıçılar İttifaqının qurultayında azərbaycan dilində nitqi dilimizin, böyük ədib Hüseyin Cavidin cənazəsinin uzaq Sibirdən tapılıb Vətənə gətirilməsi fəlsəfi fikrimizin və mənəvi dünyamızın, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Sabir Əhmədov və s.kimi istedadlı qələm sahiblərinin təqib və cəzalardan xilas edilməsi ədəbiyyatımızın qorunması və diri qalması yolunda Ulu Öndərin xilaskarlıq missiyasının parlaq təzahürü idi.
Hər kəs bilir ki, əgər 1993- cü ilin iyunuda Heydər Əliyev Azərbaycana rəhbərliyi öz polad çiyinlərinə götürməsə idi, bizim dövlətçiliyimizin taleyi çox qaranlıq və bədbin olacaqdı. Bunu Heydər Əliyevə ən barışmaz müxalifətdə dayananlar da, hətta Azərbaycanın düşmənləri də etiraf edirlər. Milləti yox olmaqdan, dövləti süqut etməkdən, ölkənin parçalanlb dünya xəritəsindən silinmısi təhlükəsindən məhz Ulu Öndər Heydər Əliyev xilas etdi! Bunu Allahdan başqa heç kəs bacarmazdı, yalnız böyük Allahın köməyi ilə, öz xalqına arxalanan Ulu Öndər bacardı: cəsarət, müdriklik, siyasi iradə, dövlətçilik təcrübəsi, gərgin çalışmalar və ən düzgün zamanda ən qoğru qərarı vermək bacarığı hesabına!
Nəhayət, Ulu Öndər Heydər Əliyevin öz xalqı qarşısında üçüncü missiyası birləşdiricilik missiyası idi. Dahi dövlət xadimi və siyasət ustası Heydər Əliyev hamıdan yaxşı bilirdi ki, dövləti qorumaq, möhkəmləndirmək, torpaqlarımızı erməni işğalından azad etmək üçün iqtisadi, siyasi, hərbi gücün mənbəyi yalnız milli ruhun gücü ola bilər, bu güc isə milli birlikdən yaranır və bu güc qarşısında heç bir qüvvə dayana bilməz. Milli birlik isə milli ideya ətrafında yarana və formalaşa bilər. Həmin dövr üçün ən ümumi və birləşdirici milli ideya isə Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideyası idi. Azərbaycançılıq ideyası qısa zamanda formalaşdı, yayıyldı, həyatda özünə yer tutdu və 50 milyondan artıq Dünya Azərbaycanlılarını bir amal, bir Vətən, bir Dövlət, bir Bayraq ətrafında birləşdirə bildi.
Dini hədislərin birində deyilir: O şəxs Allahın sevimli bəndəsidir və yeri cənnətdədir ki, həyatı boyu bir ev tiksin, bir ağac əksin və yolunu davam etdirən bir övlad dünyaya gətirsin. Ulu Öndər Allahın sevimli bəndəsidir ki, Azərbaycan boyda bir EV – Dövlət qurmuşdur və bütün dünya azərbaycanlıları bu Dövləti özünün evi, ata ocağı bilr!
Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan partiyasını yaratmaqla məmləkətdə həmişəyaşıl və bol meyvəli bir ağac əkmiş oldu. İndi bu partiya ölkənin ən fəal fikir, elm və milli düşüncə adamlarını öz ətrafına birləşdirib.
Ulu Öndər Heydər Əliyevin oğlu və siyasi varisi cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək onun arzu etdiyi, planlaşdırdığı, lakin yerinə yetirməyə imkan tapmadığı bütün tarixi missiyaları yerinə yetirdi. Bu missiyanın başında isə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanırdı.
Bəli, 2020- ci ildə 44 günlük Vətən müharibəsi və ondan keçən illər ərzində çoxlu xoş sevincli günlər yaşadıq.
Bu sevincli günlərə qədər isə 30 ilə yaxın yol gəldik, ilk günlərdə çox bərkə- boşa düşdük, ağrıdıq, çətinliklərdən keçdik.
Ümummilli lider Heydər Əliyev doğru olan yolu bizə göstərdi, söylədi, inandırdı ki, uğurumuz bir yerdə yumruq kimi birləşərək güclü dövlət qurmaqdan, qüdrətli Ordu yaratmaqdan keçir. Xalq ona inanırdı, çünki öz Liderini çox yaxşı tanıyırdı, ona görə də dara düşəndə Xilaskar kimi Onu çağırdı, O gəldi, dövləti dağılmaqdan, milləti məhv olmaqdan qorudu, məmləkətin özü kimi tikə- parça olmuş ümidlərimizi bir yerə yığdı, məlhəm qoydu, sarıdı, sağaltdı. Eynən mahir bağbanın qasırğadan qəddi sınmış fidan tingini sarıyıb təzədən bitişdirib böyüdən kimi böyütdü milləti Böyük Xilaskar. Sonra tamamlayıb başa çatdıra bilmədiyi işləri özü kimi inandığı varisinə- cənab İlham Əliyevə həvalə etdi.
Cənab Prezident İlham Əliyev 2003- cü ildə prezident kimi ilk and içmə mərasimində bütün dünyaya bəyan etdi: Bizim yolumuz Heydər Əliyev yoludir! Bu yol bizi işıqlı, xoşbəxt, firavan günlərə aparacaq.
21 ildir cənab Prezidentin müəyyən etdiyi kursla uğura doğru, işığa doğru, haqqa doğru gedirik.
Biz bu illər ərzində başqa xalqların bəlkə də 100 illərlə keçə bilmədiyi yenilənmə, tərəqqi, özünüdərk, milli- psixoloji transformasiya yolu keçdik. Bizi bu yolda qətiyyətlə, mətin addımlarla inamlı qələbələrə aparan cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altlnda müasir dövlət qurduq, özümüzü dünyaya sübut erdik, güclü, modern ordu yaratdıq, BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik elədik, Kosmos Klubunun üzvü olduq, Avroviziya mahnı müsabiqəsinin qalibi olduq, Avropa Oyunlarına, İslam Olimpiya oyunlarına, onlarla beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlə ev sahibliyi etdik, uğur qazandıq, uğurumuzu bölüşdük, bu ilin payızında isə dünyanın ən böyük forumlarından birinə- COP 29- a ev sahibliyi edəcəyik.
Bu illər ərzində milli-psixoloji transformasiyamızda heç şübhəsiz ki, Birinci Vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd olunmalıdır. Məhz hörmətli Mehriban xanım müstəqil Azərbaycan dövlətində Birinci xanım institutunu yaratdı, formalaşdırdı və onu mühüm dövlətçilik atributuna çevirdi.
Məhz Mehriban xanım Əliyevanın yaratdığı və rəhbərlik etdiyi Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda humanizm, xeyirxahlıq, şəfqət, sosial dəstək ünvanına çevrildi.
Ulu öndər Heydər Əliyev zamanında böyük səylər göstərsə də, həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin iki üzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi.
Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı.
Yəqin ki, tədqiqatçılar Azərbaycanın 44 günlük zəfər yürüşü fenomeninin müxtəlif aspektlərini araşdıracaq, nəticələr çıxaracaq, nümunə kimi göstərəcəklər. Lakin bir həqiqət gün kimi aydındır: Qələbənin uğur formulu çox sadədir- müzəffər Komandan+ müzəffər Ordu+ müzəffər Xalq. Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur- xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən dəmir yumruq!
Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı Cənab Ali Baş Komandandır!
Cənab Prezident 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intelkekt, savad və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi.
…Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddlr. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur. Qarabağ torpaqları işğaldan azad edilmişdir. Üçrəngli Azərbaycan bayrağı Xankəndində, Şuşada, Xocalıda, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, bütün Qarabağda dalğalanır. Xalqın torpaq həsrətinə son qoyulmuşdur. Zamanında Ulu Öndər tərəfindən cənnətə çevrilən Qarabağın ikinci əbədi dirçəlişi və yüksəlişi başlamışdır.
…İndi Ulu Öndər Heydər Əliyevin ruhu şaddır, çünki siyasi varisi Ali Baş Komandan İlham Əliyev onun bütün vəsiyyətlərini və arzularını Azərbaycan xalqının dəstəyi ilə, böyük fədakarlıq və qəhrəmanlıqla həyata keçirib.
Ümummilli Lider Heydər Əliyevin müqəddəs yolunu Şuşa ucalığınadək, Zəngəzur dağlarının zirvələrinə qədər ləyaqət və hünərlə davam etdirən Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsini müqəddəs Şəhidlər xiyabanından xalqımıza çatdırarkən həm də tariximizin ən müqəddəs xəbərini dünyanın ən böyük azərbaycanlısına çatdırmış oldu: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”!
Bəli, biz Şuşanı da, Laçını da, Xankəndini də azad etdik, indi o torpaqlarda böyük bərpa- quruculuq işləri gedir, məcburi köçkün soydaşlarımlzın həsrətinə son qoyulmuşdur.
Tarixi missiya isə davam edir, qarşıda bizi daha da böyük, daha da qüdrətli Azərbaycan uğrunda yeni çalışmalar gözləyir. Yaxın vaxtlarda böyük sülh müqaviləsini də imzalayacağıq, bütün kommunikasiyalar, o cümlədən, Zəngəzur dəhlizi də açılacaqdır. Bölgənin yeni həyatı, inkişafı, sabitliyi, əməkdaşlığı və tərəqqisi başlayacaqdır.
Ulu Öndər Heydər Əlliyevin dediyi tarixi sözlər həyatda növbəti dəfə təsdiqini tapacaq, “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır”!
 Musa Urud
Millət vəkili