Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir

Heydər Əliyev – 100 il

Bu il xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü ölkəmiz üçün Zəfər tarixi kimi yaddaşlara yazılan əlamətdar dövrdə – doğma Qarabağımızın bərpası və yenidən çiçəklənməsi ilə paralel böyük coşqu və təntənə ilə qeyd edir.
Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.
XX əsrin sonlarında Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu. 1988-1990-cı illərdə SSRİ-nin tarixi zərurətdən süquta uğradığı bir zamanda Azərbaycan xalqının müqəddəratı sual altında idi və yalnız təcrübəli, ağıllı, cəsarətli, dövlətinə və millətinə bağlı, eyni zamanda gələcəyə böyük ümid bəsləyən şəxsiyyətlərin məsələlərə vaxtında müdaxiləsindən asılı idi.
Taleyimizin həll olunduğu ağır bir zamanda qədirbilən Azərbaycan xalqının təkidli tələbinə səs verərək yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi xaos və anarxiya məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alaraq ölkəmizin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” – deyən Heydər Əliyevin bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olub. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
Dövlətin siyasi-iqtisadi müstəqilliyinin təmin edilməsi işində Heydər Əliyev Azərbaycan gənclərini hər zaman özünə arxa hesab edərək onların dəstəyinə güvənmişdir.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdə ən birinci görüşü Milli Məclisdə gənclərlə olmuşdur. Ümummilli Lider bu görüşdə gənclərə böyük ümid bəslədiyini, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunması üçün gənclərə arxayın olduğunu bildirmişdir.
Məhz bu görüşdən sonra Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi müəyyən olunaraq gənclər siyasətinin institutlaşdırılması istiqamətində ilk addımlar atılmış, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə yaradılmış Gənclər və İdman Nazirliyi artıq gənclərin təlim-tərbiyyəsi, Vətənə xidmətini əhatə edən böyük strateji sənədlərin hazırlanmasına başladı, gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.
Bu ardıcıllıqla Azərbaycanda ilk dəfə 1995-ci ildə ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının Milli Şurası yaradıldı və bu qurum Azərbaycanın bütün gənclər təşkilatlarını əhatə etməklə dövlətin hazırladığı sənədlərin hamısında gəncləri düşündürən məsələlərin yer almasını ortaya qoyurdu.
Qeyd edim ki, həmin il Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Ulu Öndər Heydər Əliyevin gənclərə olan inamı və yüksək etimadı Azərbaycanda eyni zamanda Gənclər Gününün təsis olunması kimi tarixi günlə də yadda qalır. 1997-ci ilin fevral ayının 1-də Prezident sarayında gənclərlə Azərbaycan Gənclərinin I Forumunun bir illiyinə həsr olunmuş keçirilən görüşdə Ulu Öndər gənclərin müracitinə diqqətlə yanaşaraq 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixini Azərbaycan Gəncləri Günü elan edib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ümummilli Liderin dəstəyi ilə 1999-2001-ci illərdə Azərbaycanda ilk dəfə Birləşmiş Millətlər Təşkilatının könüllülük prinsiplərinə əsaslanan layihəsi həyata keçirilmişdir. Bu – yeniliklə yanaşı olaraq, Sovetlər Birliyi dönəmində mövcud olan “Pioner” və “Komsomol” kimi platformalarda ən yaxşı təcrübələrin milliləşdirilərək müasir çağırışlara cavab verəcək şəkildə yenidən formalaşmasını, həmçinin mövcud könüllülük hərakatını müstəqillik tariximizdə nəinki qoruyub saxlamış, onun ən yeni formada ölkənin inkişaf prosesində iştirakını təmin edə bilmişdir.
Azərbaycanda BMT könüllülük ənənələrinin əsasını qoymuş bu yanaşma gənclərimizin ölkəmizdə genişmiqyaslı könüllülük fəaliyyətinin əsasını yaratmışdır.
Sonrakı illərdə yüzlərlə gənc bu hərəkatın mahiyyətini dərk edərək, eyni zamanda könüllülük ideyasının təşviq və təbliğ olunmasında iştirakçılıq statusu əldə etdilər. Heydər Əliyevin əsasını qoyduğu multikultural dəyərlər və tolerantlığa əsaslanan könüllülük fəaliyyəti bu gün Azərbaycanın beynəlxalq arenada təbliğ olunması, ölkə mədəniyyətinin, incəsənətinin bütün dünya tərəfindən qəbul olunması, tanınması istiqamətində uğurla həyata keçirilir.
Könüllülüyün inkişafında təkanverici faktor 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyət haqqında” qanun olmuşdur. Bu Qanunun yaratdığı hüquqi çərçivə sayəsində özünü sübut etmiş onlarla qeyri-hökumət təşkilatları, institutlaşdırılmış könüllülük modeli yaradıldı.
Bu gün artıq keçirilən çoxsaylı beynəlxalq tədbirlərin könüllülərin iştirakı olmadan baş tutmasını təsəvvür etmək qeyri-mümkündür. Bir sıra mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi könüllülərin yorulmaz, vətənpərvər, müasir çağırışlara cavab verən keyfiyyətlərinin yüksək olması ilə bağlı olmuş və bu hərakatı daha da canlandırmışdır.
Ölkəmizin ev sahibliyi etdiyi “Avroviziya-2012” mahnı müsabiqəsi, 2015-ci il Birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” və digər mötəbər, irimiqyaslı tədbirlərə on minlərlə könüllünün cəlb edilməsi, eyni zamanda Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən onların fəaliyyətinin qiymətləndirilməsi Azərbaycanın formalaşmış zəngin, təcrübəli könüllülük hərəkatının daha da inkişaf etməsinə xidmət etdi.
Azərbaycanın könüllü gəncliyi qoyulmuş ənənəni davam etdirərək bu il də BMT-nin gənclər üzrə xüsusi elçisinin təşkilatçılığı ilə BMT-nin Baş Qərargahında keçirilən BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumunda ölkəmizi yüksək səviyyədə təmsil etdilər.
Artıq yüz minlərlə gənci əhatə edən, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşmış könüllü ordusu bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlət idarəçiliyində, ölkəmizin inkişaf prosesində yaxından iştirak edir.
Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu xalq var, Heydər Əliyev də var olacaq, əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı