Hikmət Hacıyev: “Regionda artıq yeni müstəvi və imkanlar açılıb”

“Beynəlxalq sülhə və təhlükəsizliyə cavabdeh olan qurumlar tamamilə qeyri-effektiiv şəkildə fəaliyyət göstərməkdədir”.

XALQ.AZ-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili  Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, buna baxmayaraq, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra regionda artıq yeni müstəvi və imkanlar açılıb: “Azərbaycan və Türkiyənin qarşısında yeni vəzifələr durur. Bütöv regionun geniş mənada geosiyasəti dəyişdirilməli və əməkdaşlığa, işbirliyinə doğru inkişaf etdirilməlidir. Prezident İlham Əliyevin təklif etdiyi “3+3” formatı dövlətlər arasında daha sıx inteqrasiyanı və əlaqələri özündə ehtiva edən formatdır. Ermənistan işğalçılıq siyasətinə, qardaş Türkiyəyə və Azərbaycana qarşı iddialarına son qoyarsa, bu prosesin tərkib hissəsi ola bilər. Bu platforma regionda davamlı sülhə nail olmağımıza şərait yaradacaq”.

Həmçinin Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirb ki, “2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində Ermənistan “Tovuz hadisələri” adlanan təxribatı törədən zaman başqa Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyənin rəsmi şəxslərinin tərəddüd etmədən “Azərbaycanın yanındayıq” ifadəsi regionda çox böyük geosiyasi dəyişiklikləri özündə ehtiva edən açıqlama idi”.

Azərbaycanın apardığı Vətən müharibəsində qardaş Türkiyənin mənəvi, diplomatik, psixoloji və siyasi dəstəyi çox vacib element idi: “Bunlar Azərbaycanın qələbəsini şərtləndirən elementlərdən idi. Nəticədə Azərbaycan xalqı məhkum olduğu işğaldan qurtuldu. Azərbaycan xalqı Qələbəyə nə qədər sevindisə, qardaş Türkiyə xalqı və insanları da o qədər sevinmiş oldu”.