İdmançılarımız Avropa çempionatında medal qazandı

Idman

Azərbaycan cütlüyü kayak və kanoe üzrə Avropa çempionatında bürünc medal qazanıb.

XALQ.AZ-ın məlumatına görə, nüfuzlu yarışda Azərbaycanı yeniyetmələrin mübarizəsində kayakçı Aleksey Solovey, Amil Hüseynli və kanoeçi Mikita Sablin, 23 yaşadək kayakçıların yarışında Aleksandr Piçugin, Mirnazim Cavadov və Tamerlan Mustafayev, kanoeçilərdən isə Anatoli Melnik, Aleksey Kupin və Taras Matviyçuk təmsil edirlər.

Matviyçuk – Kupin dueti 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Onlar seçmə yürüşdə finişə 3 dəqiqə 48,220 saniyəyə çataraq birinci olublar və birbaşa əsas finala yüksəliblər.

Həlledici yürüşdə isə təmsilçilərimiz 3 dəqiqə 36,432 saniyə nəticə ilə 3-cü yeri tutublar. Qızıl medal rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin (3:34.072), gümüş medal isə ukraynalı Yuri Vandyuk – Andrey Rıbaçok (3:35.352) duetlərinə qismət olub.

Qeyd edək ki, Avropa çempionatında 32 ölkə mübarizə aparır.