İflasa uğramış ən məşhur insanlar

Hər bir insan çətin vəziyyətə düşüb, iflasa uğraya bilər. Ən məşhur zənginlər belə istisna deyil. Adətən böyük sərvəti əldə edən insanlar belə probmlemlərlə üzləşə bilərlər. Nəhəng sərvətə sahib olan məşhur aktyorlar, yazıçılar, musiqiçilər bəzən bir təsadüfdən bütün mal-mülklərini itirmiş olurlar. Dünyaca məşhur olan və bir anlıq nəhəng sərvətlərini itirən insanların bəzilərindən söhbət açaq:

Mark Tven: Yazıçının əsl adı Samuel Klemensdir. Lakin yazıçı özünə ləqəb seçərək kitab yazmağa başlayıb. Məşhur yazıçının qələmindən çıxan ən maraqlı əsərlərindən biri “Tom Soyer” haqqında kitabı oxucular tərəfindən çox sevilib. Yazıçı biri-birindən maraqlı kitablarını sataraq çox böyük sərvət əldə edir. Kitabların satışından qazandığı pulları necə xərcləyəcəyini heç bilmirdi. Onları daim etibarsız sərmayələrə qoyurdu. Belə ağılsız sərmayələrdən biri də tərtibat maşını idi (səhifələri tərtib edən qurğu). Bu maşın hər dəfə xarab olaraq, sıradan çıxırdı. Nəticədə yazıçı 300 min dollardan yuxarı pul itirir. Bu məbləği müasir pula köçürsək, onda onun düşdüyü ziyan 7 milyon dollara gəlib çıxır. Bundan əlavə o, nəşr ilə bağlı çox ziyana düşür və 1893-cü ildə əziyyətlə əldə etdiyi hər şeyi itirir. Uzun illər boyu kredit ödəməyə məcbur olur. Mark Tvenin yaxın dostu Henri Rodjersin təkidi ilə məşhur yazıçı müəllif hüquqlarını həyat yoldaşına təhvil verir. Bu Mark Tven üçün böyük təhlükəsiz şəbəkə olur və onu borclu olduğu insanlardan qoruyur. Mark Tvenin əsərlərini əldə etmək üçün çox çalışsalar da, buna nail ola bilmirlər. Bir müddət sonra Mark Tven mühazirələr oxumaq üçün dünya turuna çıxır. Bu turdan sonra borclarını ödəmiş olur.

Kim Besinger: Maraqlı film sevənlər bu aktrisanı mütləq tanıyırlar.1990-cı illərdə aktyorlar arasında ən yüksək qonorarları məhz Kim Besinger alırdı. Rollarına əsasən qonorarını 10 milyon dollara qədər əldə edə bilirdi.1989-cu ildə aktrisa Braseltondan əmlak almaq qərarına gəlir. Buranı alaraq bu şəhərə turistləri cəlb etmək fikrində idi. Lakin bir neçə ildən sonra Kim Besindjerin başına xoşagəlməz bir hadisə gəlir. Oynadığı filmdən sonra prodüsserlərini məhkəməyə vermiş olur və təəssüf ki, məhkəməni uduzur, ona görə 8 milyon dollar itirmiş olur. Müəyyən müddətdən sonra Braseltonda aldığı malikanəni də satmaq məcburiyyətində olur və çox böyük bir ziyana düşür. 20 milyon dollara aldığı əmlakı cəmi 1 milyona satmağa məcbur olur.

Rembrand: Məşhur hollandiyalı rəssam Rembrand XVII əsrdə yaşayıb. Rəssam ödəyə bilmədiyi nadir və bahalı əşyaları əldə etməyi çox sevirdi. 50 yaşında Rembrand tamamilə mal-mülkünü itirir və onun topladığı bütün nadir əşyalar auksionda satıldı. Əsərlərini sata bilməsə də, nəfəs aldığı son günə qədər rəssamlıq peşəsinə davam edir. Ölümündən sonra əsərlərini auksionda Rembrandın oğlu satır.

Mayk Tayson: İnsanlar Mayk Taysonu boksun əfsanəsi kimi tanıyırlar. Demək olar ki, Mayk Tayson boksçular içində ən məşhurudur. 20 yaşı olanda “Dünya çempionatında” ağır çəkili idmançılar içində 1-ci yerə sahib olur. Mayk Tayson buna nail olan ən gənc boksçu olur və bu çempionatdan sonra külli miqdarda pullar qazanmağa başlayır. Bir döyüşdə 30 milyon qazanan məşhurun, 90-cı illərdə maddi sıxıntıları başlayır. Sərvətinin dəyərini bilməyən idmançı, bir həftə ərzində 400 min dollar pul xərcləyir. Onun bu cür səhlənkar hərəkətləri getdikcə onu çıxılmaz vəziyyətə salır. Həyat yoldaşı ilə boşananda da 9 milyon dollar itirmiş olur və bununla belə, 2003-cü ildə Mayk Tayson iflas olur. Onun 27 milyon dollara yaxın borcu var idi.

Uolt Disney: Çox sevdiyimiz cizgi filmlərinin yaradıcısı məhz Uolt Disney olub. Uolt Disney dostu ilə birliktə “Laugh-O-Gram” animasiya studiyasını yaradır. Bunu heç tam studiya da adlandırmaq olmurdu, çünki avadanlıq alıb, onları qarajda quraşdırırlar. Bir müddət sonra tərəfdaşlar Uolt Disney və Ab İverks “Qırmızı papaq” adlı ilk kiçik cizgi filmi yaradırlar. Lakin onların bu işi uğursuz olur və studiyaları bağlanır.

Donald Tramp: Bu gün bu adamı hamı tanıyır, çünki Donald Tramp ABŞ-ın prezidentidir. Bundan əlavə, Donald Tramp dünyanın ən varlı insanlarından biridir. Lakin bu nəhəng siyasətçinin həyatında hər şey o qədər də yaxşı olmayıb. Onun qurduğu şirkətlər 4 dəfə iflas olub. İlk dəfə Tramp qumar müəssisələrini maliyyələşdirərkən böyük zərbə alıb. Onun borcu o zamanlar 900 milyon dollara çatırdı. Bu zərbədən sonra Tramp aviaşirkətini və aktivlərini satmalı oldu.