“İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib” – Deputat

“İkinci Qarabağ müharibəsindən keçən il yarım ərzində Ağalı kəndində müasir standartlara uyğun yaşayış kompleksinin yaradılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması Azərbaycan dövlətinin, onun qətiyyətli rəhbəri Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasətin göstəricisi idi.

Çoxları üçün qısa müddətdə Ağalıda belə bir şəraitin yaradılması xəyal kimi görünsə də, lakin Cənab Prezident xəyalları gerçəkliyə çevirə bildi. Necə ki, 2003-cü ildən ölkəyə rəhbərlik edən Cənab İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib, eləcə də Ağalı kəndi ilə bağlı qarşısına qoyduğu məqsədi uğurla reallaşdırdı”.

Bu fikirləri  Milli Məclisin deputatı İqbal Məmmədov Zəngilan rayonunun Ağalı kəndinə qayıdışın bir illiyi ilə əlaqədar danışarkən səsləndirib. Millət vəkili bildirib ki, 30 illik işğal dövründə şəhər və rayonlarımızda daşı daş üstündə qoyulmayan, hər qarışı dağıdıb xarabalığa çevrilən yerlərdə quruculuq-abadlıq işlərinin aparılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının on illərlə vaxt alacağı iddia edilsə də, Azərbaycan dövləti və onun müzəffər Ali Baş Komandanı, prezidenti bu nəticəni cəmi il yarıma əldə etdi:

“Artıq il yarımdır ki, Ağalıdan olan məcburi köçkünlər öz doğma yurd-yuvalarında məskunlaşıblar”.

Millət vəkili diqqətə çatdırıb ki, Ağalıda “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. 2022-ci il iyulun 19-dan başlayaraq Ağalı kəndinə qayıdış çərçivəsində dörd mərhələdə 41 ailə köçürülüb:

“Ötən müddət ərzində Ağalı kəndində bir çox işlər görülüb. Hazırda Ağalıda təxminən 200 nəfər yaşayır. Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur. Həmçinin, kənddə Smart DOST, ASAN, Azərpoçt, Kiçik və orta biznesin inkişafı mərkəzləri fəaliyyət göstərir. Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb”.

İqbal Məmmədov hazırda işğaldan azad olunmuş digər şəhər və rayonlarda da geniş miqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirildiyini vurğulayıb. Millət vəkili əmin olduğunu bildirib ki, mövcud potensial və ortada olan siyasi iradə işğaldan azad olunmuş bütün şəhər və rayonlarımızın tezliklə Ağalı kəndi kimi abadlaşacağı, cənnətə çevriləcəyi və Böyük Qayıdışın zamanından daha tez baş tutacağını deməyə əsas verir.