“İlham Əliyevin çox düzgün, düşünülmüş və uğurlu siyasəti Paşinyanı çıxılmaz vəziyyətə salıb” – Deputat

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

O, bir daha rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağ da daxil olmaqla Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisi olduğunu bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan bu bəyanatla vəziyyəti və problemin həlli üçün Azərbaycanla razılaşmanı nəzərə alıb.

Onun sözlərinə görə, Azərbaycan bəzi məsələlərin güc yolu həllinə çalışdığından Ermənistan siyasi bəyanatlarla bu ssenariləri birtəhər idarə etməyə çalışır:

“Biz elə formada qərar vermək istəyirik ki, Ermənistanın mövqelərinin legitimliyi toxunulmaz olsun”.

Maraqlıdır, Paşinyan bu açıqlaması ilə nə deməyə çalışır? Ermənistanın təxribatları da həmin “birtəhər idarəetmə”yə daxildir? O, bir növ təxribatları etiraf edir?

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, erməni yalanı və hiyləsi bu gün də sürətlə davam etməkdədir:

“Hamımız bilirik ki, layihə olan yarımmüstəmləkə Ermənistan tarix boyu ona digər qüvvələr tərəfindən verilən tapşırıqları icra edib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgədə yeni siyasi arxitektura formalaşdırır və həmin proses bu gün də davam edir. Bütün məsələlər rəsmi Bakının diqtəsi ilə formalaşır.

Nikol Paşinyanın sülh müqaviləsi imzalanması yolundakı addımları hələ də yeknəsəkdir. O, hələ də öz hiyləsini davam etdirməyə çalışır. Yəni Brüssel, Vaşinqton və Moskvadakı görüşlərdə bir söz deyir, əməldə isə başqa hərəkət edir. Lakin cənab Prezident İlham Əliyevin çox düzgün, düşünülmüş və uğurlu siyasəti Paşinyanı, habelə rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb.

Əlbəttə ki, bu proses hazırkı dövrdə konkret mövqe ilə müəyyənləşməlidir. Yəni Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirsə, artıq suveren ərazimiz olan Qarabağla bağlı olan bütün əlaqələrini kəsməlidir.

Çünki bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır. Paşinyan Qarabağdakı tör-töküntülərini təcili geri çağırmalı və oradakı erməni vətəndaşlarımızın Azərbaycana reinteqrasiya prosesinə dəstək olmalıdır. Ən azından bu işlərə qarışmamalıdır. Proseslərin uzanması yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara kölgə salır”. 

Deputat qeyd edib ki, Paşinyanın bir çox fikri daxili auditoriyaya hesablanır:

“Çünki qarşıda seçkilər var və o uzun müddət hakimiyyətdə qalmaq istəyir. Bunun üçün isə həm beynəlxalq aləmdə nüfuz qazanama çalışır, həm də bu məsələlərin həll olunması üçün də guya “addımlar atır”. Bunlarla yanaşı, Paşinyan daxili auditoriyanı da sakitləşdirməyə çalışır ki, bu məsələlərdə onun da bir mövqeyi var. Lakin hər şey açıq-aydın qarşımızdadır.

Bütün məsələlərdə Azərbaycanın təklif etdiyi 5 baza prinsipi ilə yekunlaşmalıdır. Hər iki ölkə bir-birlərinin ərazi bütövlüklərini tanıdıqdan sonra bu məsələyə son qoyulmalıdır. Həmçinin, yekun sülh müqaviləsi imzalanmalı və sərhədlər müəyyənləşməlidir. Yalnız bundan sonra iki ölkə arasındakı münasibətlərin normallaşmasından danışmaq olar”. 

Millət vəkili vurğulayıb ki, Paşinyan hazırda çox çıxılmaz vəziyyətdədir:

“Ona görə ki, Moskva, Brüssel, Vaşinqton, Soçi və digər görüşlərdə üzərinə öhdəliklər götürüb. Təbii ki, bu öhdəliklər yerinə yetirilməlidir. Lakin mövcud vəziyyətdə Paşinyan bu məsələlərdən yayınmağa çalışır. 

Onun məqsədi də aydındır. O, Rusiya-Ukrayna müharibəsinin sonunu gözləyir, hansı tərəf qalib olsa, onun yanına sığınmağı düşünür. Bu da köhnə erməni hiyləsidir. Həmçinin, beynəlxalq güclərin köməyi ilə bu bölgədə “humanitar böhran” yarandığı görüntüsünü yaratmağa çalışır. 

O da əlbəttə ki, alınmır. Çünki Azərbaycan tərəfi bütün bunların qarşısını almaqdadır. Bütün bunların hər birinin öhdəsindən gəlmək Ermənistanın Baş naziri üçün mümkün görünmür. Bu səbəbdən də Paşinyan beynəlxalq hüquqa hörmət etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. O halda həm Ermənistanın özünə, həm də bölgəyə dayanıqlı tərəqqi və inkişaf gələ bilər”.