İlham Əliyevin “Dostluq” ordeni verdiyi türkiyəli deputat DANIŞDI

““Dostluq” ordeni ilə təltif olunmağım bundan sonrakı əlaqələrimizə daha yaxşı təsir edəcək”.

Bunu XALQ.AZ-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib. Deputat iki ölkə prezidenti arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb:

“Cənab prezidentin məni belə bir ordenlə təltif etməsi böyük şərəfdir. Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişaf fonunda gördüyüm işlər səbəbindən bu mükafata layiq görüldüm. Həm mən, həm də ailəm bu hadisədən dolayı çox sevincliyik. Bu orden mənim üçün çox önəmlidir və həmişə evin ən gözəl yerində dayanacaq. Hazırda Türkiyə Prezidenti Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında münasibətlər ən yüksək səviyyədədir. Bu da 83 milyonluq Türkiyə ilə 10 milyonluq Azərbaycan xalqını bir-birinə daha yaxın edir”.

Deputat ordeni canlı olaraq prezidentdən almaq istədiyini deyir:

“Düşünürəm ki, bu orden bundan sonrakı iş birliyimizə daha da müsbət təsir edəcək. Bundan sonra əsas məqsədimiz Azərbaycanın və Türkiyənin sağalmaz yarası olan Qarabağın azad olunması üçün həm daxildə, həm də xarici siyasətdə daha aktiv fəaliyyət göstərib, nəticə əldə etməkdir. Karantin müddəti başa çatdıqdan sonra ordeni şəxsən president İlham Əliyevdən götürmək arzusundayam”.

Xatırladaq ki, prezident İlham Əliyev aprelin 1-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib.