İlham Əliyevin gələcək hədəfləri

zaur mirza-zade

İlham Əliyevin qüdrəti Azərbaycanı regionda Lider ölkəyə çevirib

 

 

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev  ölkəmizin bugünkü inkişafını təmin etmək,  xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın  dərin rəğbət və məhəbbətini qazanmışdır. Son 10  ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirmişdir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.  Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə cənab  İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Son 10 ildə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi  uğurların bir qisminə nəzər salaq. Sözügedən dövrdə ölkə iqtisadiyyatı 3 dəfə artmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmiş, 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatdırılmışdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. İqtisadiyyata bütövlükdə 130 milyard dollardan çox sərmayə qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötmüşdür. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur.

    Prezidenti  İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri miqyaslı yerli və regional layihələr nəticəsində dövlətimiz öz iqtisadi uğurları ilə dünyanın dinamik və sürətlə inkişaf edən ölkələri sırasına daxil olmuşdur. Təbii ki,  bütün bunlar möhtərəm Prezidentimizin ardıcıl və qətiyyətli addımlarının real nəticəsidir. On il əvvəl “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” deməklə fəaliyyətə başlayan dövlət başçımız ötən dövr ərzində, sözün əsl mənasında, öz düşünülmüş fəaliyyəti ilə hər bir kəsin Prezidenti olduğunu sübut etmişdir. Ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən iqtisadi kursun qorunub saxlanılması, onun beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, sosial həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində çoxsaylı mühüm, bənzərsiz və analoqu olmayan addımlar atılmışdır. Məhz  bütün  bunlara görə, cənab İlham Əliyev xalqımız tərəfindən üçüncü dəfə Prezident seçilmişdir.  “Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir…” söyləyən cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin  düzgün iqtisadi strategiyasının inamla həyata keçirilməsini reallaşdırmış və bunun  nəticəsində Azərbaycan dövləti dünyanın ən sürətlə inkişaf edən ölkəsinə, eyni zamanda beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir.

Keçən müddət ərzində əldə edilmiş iqtisadi uğurlara makroiqtisadi sabitliyin qorunub saxlanılması və davamlı iqtisadi artımın təmin olunması, iqtisadi idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qeyri-neft sektorunda inkişafın sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və regionlarda sahibkarlığın, istehsal, sosial infrastrukturların inkişafı, bu sahədə stimullaşdırıcı addımların atılması, ölkədə yoxsulluğun səviyyəsinin əhəmiyyətli şəkildə azaldılması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi və digər bu kimi çoxsaylı məsələləri aid etmək olar.

 

 Bütün bunlar belə deməyə əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşmışdır. İstər ümumi iqtisadi göstəricilərin, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə dair göstəricilərin dinamik formada dəyişməsi, ilbəil artması ölkəmızin iqtisadi qüdrətini və inkişaf tempini xarakterızə edir.  Eyni zamanda, dünyada davam edən iqtisadi böhran nəticəsində ayrı-ayrı dövlətlərin iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM həcminin azaldığını, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını, bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya edildiyini, işsizlik səviyyəsinin artdığını və bütün bunların Azərbaycanda ciddi şəkildə hiss edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi qüdrətini təsəvvür etmək olar. Göründüyü kimi, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən atılmış qətiyyətli addımların, bünövrəsi qoyulmuş iqtisadi strategiyanın cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi ölkəmizin müasir davamlı və dinamik inkişafının əsasını təşkil edir.

 

 Məlum olduğu kimi, respublikamız xarici iqtisadi əlaqələri idxal-ixrac, investisiya qoyuluşu, elmi-texniki əməkdaşlıq, birgə və birbaşa müəssisələrin təşkili, işçi qüvvəsinin miqrasiyası, istehsalın beynəlxalq kooperasiyası, valyuta-maliyyə əlaqələrinin təkmilləşdirilməsi, turizm, azad ticarət zonalarının yaradılması və dövlət tənzimlənməsi ilə bağlı sahələrdə uğurla reallaşdırır. 

 

 

 

 2003-cü ildə keçirilmiş prezident seçkilərində qələbə qazanmış cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlaması ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafının təmin edilməsi, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması sahəsində görülmüş işlərə yeni təkan verdi. Birinci regional inkişaf proqramını təsdiq edən cənab İlham Əliyev bu mühüm sənədi iqtisadi baxımdan görülən işlərin yeni bir istiqaməti kimi müəyyənləşdirmişdir. Proqramda hökumətin iqtisadi siyasətində yeni istiqamətlər və yeni keyfiyyət dəyişiklikləri təsbit olunmuşdur. Ölkə başçısı tərəfindən irəli sürülən “insanların iqtisadi cəhətdən azad olması”, “tarazlı iqtisadi inkişaf”, “idxalı əvəz edən iqtisadi siyasət”, “neftdən və neftin qiymətindən asılı olmayan iqtisadiyyat”, “xarici amillərdən asılılığın azaldılması” kimi konsepsiylar Azərbaycanın iqtisadi inkişaf modelini müəyyən etmişdir.

 

Bu konseptual baxışlar iqtisadi islahatları yeni-yeni ideyalarla zənginləşdirmiş, yeni iqtisadi siyasətin formalaşmasını təmin etmişdir. Ölkə Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin məqsədini təkcə maksimum istehsalın deyil, eyni zamanda, əhalinin maksimum məşğulluğunun və maksimal alıcılıq qabiliyyətinin təmin edilməsi təşkil edir. Yeni konsepsiya üzərində qurulan hökumət siyasəti yaxın gələcəkdə Azərbaycanın sənayecə inkişaf etmiş ölkələr sırasına daxil ola bilməsinə maddi-texniki əsas yaradır. 2013-cü il prezident seçkilərindən sonra andiçmə mərasimində cənab İlham Əliyevin çıxışında gələcək dövr üçün yeni hədəflər müəyyən edilmişdir. Onların cərgəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun iki dəfə artırılması, sənyeləşmə siyasətinin davam etdirilməsi,  kənd  təsərrüfatının və ağır sənayenin prioritet inkişafı və iqtisadi inkişafın  demoqrafik  amillə uzlaşdırılması, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində siyasətin davam etdirilməsi və s. mühüm yer tutur. Bütün bu hədəflər son nəticədə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin edəcəkdir.  Elə dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan – 2020:  Gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla yerinə yetirilməsi cənab İlham Əliyevin bəyan etdiyi bu hədəflərə nail olunacağına təminat verir. Ölkənin həm regionda inkişafı, həm də dünya iqtisadiyyatının subyektindən biri kimi fəaliyyət strategiyası vahid konseptual baxış mövqeyindən həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə reallaşdırılan bu proqramlar Azərbaycanın istər qonşu dövlətlərlə, istərsə də qabaqcıl Avropa dövlətləri və ABŞ-la iqtisadi, siyasi, mədəni və s. əlaqələrini də əhatə edir. Son illərdə ölkəmizin iqtisadi əlaqələrinin coğrafiyası daha da genişləndirilmişdir. Belə geniş miqyaslı iqtisadi siyasət və bu sahədəki  fəaliyyət proqramı Azərbaycanın təsərrüfat sisteminin özəlliklərini nəzərə almaqla bərabər, onun dünya iqtisadiyyatına inteqrasiya olunması üçün də lazım olan bütün parametrləri ehtiva edir

 

 Əvvəlki dövrlərdə olduğu kimi, buildə  ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu sənayeləşmə siyasəti aparılmışdır.  Bu zaman əsas hədəf isə istehsalın və ixracın diversifikasiyasının sürətləndirilməsi istiqamətinə, rəqabətqabiliyyətli və ixracyönümlü innovativ əsaslı texnologiya və malların istehsalına yönəldilmişdir.

 

 

Prezident cənab İlham Əliyevin  sərəncamı əsasında təsdiq olunmuş “Azərbaycan 2020-ci ildə: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkə sənayesində klasterlərin yaranması və bu istiqamətdə rəqabətqabiliyyətli məhsul istehsalının təşkili tədbirlərinin həyata keçirilməsi öz əksini tapmışdır.

“Gəlcəyə baxış” İnkişaf Konsepsiyası Azərbaycanımızın daha da qüdrətlənməsinə hesablanıb. Ölkə başçımızın səyi nəticəsində bu gün vətənimiz regionda lider ölkəyə çevrilib.  Bu Liderlik İlham Əliyevin  qüdrətidir.

 

Zaur Mirzə-zadə

 

Dünya Azərbaycanlıları ictimai mərkəzinin sədri