“İnstitusional davamlılığa doğru atılan bu addımlarla növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq” – Deputat

“Ölkəmizin ona göstərilən etimadı doğrultması Qoşulmama Hərəkatına sədrliyinin  120 üzv  ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ilə nəticələndi. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı  baxımından diqqətdə olur.  Dünyada sülhün və təhlükəsizliyin qorunması, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı kimi beynəlxalq prinsipləri xarici siyasətində əsas tutan Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti mühüm rola malikdir. Qoşulmama Hərəkatının prinsipləri ilə Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri üst-üstə düşür.  Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi «Bandunq prinsipləri» üzərində quracağını bəyan etmişdi. Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Azərbaycanın QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərdiyini bildirib.”

Bu fikirləri Milli Məclisin  deputatı Kamran Bayramov  bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr arasında dialoqun genişləndirilməsi məsələsini daim diqqət mərkəzində saxlayıb. Dövlət başçımız bildirib ki, Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.
K.Bayramov vurğulayıb ki, Qoşulmama Hərəkatı platformasında keçirilən görüşlərdə hər dəfə Azərbaycan öz reallıqlarını həmin dövlətlərə çatdırmaq üçün bu imkanı düzgün dəyərləndirir. Ermənistan-Azərbaycan münasibətlərində normallaşma ilə bağlı son vəziyyət haqqında bir növ həmin ölkələr məlumatlandırılır. Qoşulmama Hərəkatının son toplantısında İran xarici işlər nazirinin iştirak etməsi də çox maraqlı bir məqam idi.  Nəhayət, dövlət başçımızın çıxışlarından İran tərəfi də başa düşəcək ki, Azərbaycan regionda sülhün və əmin-amanlığın əldə olunması üçün səylərini səfərbər etmiş bir tərəfdir. Təəssüf ki,  Ermənistan bu proseslərdən qaçır. Dövlət başçımız Fransanın ikiüzlü siyasətini ifşa edərək bildirib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır…Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır.
Deputat diqqətə çatdırıb ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi, həmçinin Rusiya-Ukrayna müharibəsi Qoşulmama Hərəkatı üçün prioritet məsələlərdəndir.  Bu gün beynəlxalq sülh və təhlükəsizlik sisteminə olan təhdidlər, beynəlxalq hüququn pozulması Şərq-Qərb ziddiyyətlərinin artması fonunda «Soyuq müharibə»nin yeni fazaya daxil olması Qoşulmama Hərəkatı üzvlərini ciddi narahat edir. Qeyd edə bilərik ki, əgər hər bir beynəlxalq qurum, eyni zamanda, onların bir araya gətirdiyi dövlətlər  maraqları bir kənara qoyub ümumi mövqe nümayiş etdirsələr hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq mümkündür. Hesab edirəm ki, Qoşulmama Hərəkatı yarandığı vaxtdan ədalətin, beynəlxalq hüququn yanındadır.