“Bizim apteklərdə kifayət qədər ixtisaslı əczaçı yoxdur” – Rəşad Mahmudov

Azərbaycan və Türkiyə arasında dərman qiymətləri hər zaman müqayisə edilir. Amma Türkiyə kimi dərman istehsalında dünyada 21-ci yerdə olan bir ölkə ehtiyacı olan dərmanların 80 %-ni idxal edir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, dərmanın qiyməti qədər keyfiyyəti də önəmlidir: “Rəsmi nümayəndəlik heç bir zaman satışla məşğul olmur. Burada rəsmi nümayəndəliyin funksiyaları başqadır. İlk onluqda olan rəsmi nümayəndəliklərin fəaliyyətinə qiymət verərkən biz keyfiyyət standartları qoymadığımız üçün bir çox rəsmi nümayəndəliklər ölkəmizdən getdi. Amma bu dəyişikliklərdən sonra rəsmi nümayəndəliklər yenidən ölkəmizə gələcək. Dərmanlarla bağlı firma adı altında hədəfə alınan şirkətlərlə rəsmi nümayəndəlikləri qarışdırmamaq lazımdır. Rəsmi nümayəndəliklər ölkə üçün dərman cəhətdən təhlükəsizlik təminatıdır”.

Rəşad Mahmudov qeyd edib ki, rəsmi nümayəndəliklərin ölkəmizdə açılmasına nail olmalıyıq: “Türkiyə bununla vəziyyətdən çıxdı. Digər tərəfdən bizim apteklərdə kifayət qədər ixtisaslı əczaçı yoxdur. Həkim sadəcə dərmanın tərkibini yazsa, aptekdə onu tam bilən kadrlar kifayət qədər deyil. Bu da pis nəticələr verə bilər”.