İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

İyunun 12-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə 36 məsələnin daxil edildiyini söyləyib.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Əvvəlcə, iclasda ikinci oxunuşda təqdim olunan 27 məsələ – Mülki Məcəllədə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda, “Banklar haqqında” Qanunda, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda, “Kredit ittifaqları haqqında” Qanunda, “Poçt haqqında” Qanunda, “Əmanətlərin sığortalanması haqqında” Qanunda, “Kredit büroları haqqında” Qanunda, “Valyuta tənzimi haqqında” Qanunda, “İnvestisiya fondları haqqında” Qanunda, “Qiymətli kağızlar bazarı haqqında” Qanunda, “Sığorta fəaliyyəti haqqında” Qanunda, “İcbari sığortalar haqqında” Qanunda, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda, “Tibbi sığorta haqqında” Qanunda, “Publik hüquqi şəxslər haqqında” Qanunda, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda, “Hesablama Palatası haqqında” Qanunda, “Mühasibat uçotu haqqında” Qanunda, “Dövlət satınalmaları haqqında” Qanunda, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, “Auditor xidməti haqqında” Qanunda, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda və “İcra haqqında” Qanunda dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.

Komitə sədri Tahir Mirkişili bildirib ki, bu qanun layihələrində bank sahəsində tənzimləmə sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, Mərkəzi Bankın funksiyalarının genişləndirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub.

İclasda iştirak edən Mərkəzi Bankın sədri Taleh Kazımov qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı verilən sualları ətraflı cavablandırıb. O, inflyasiya ilə bağlı proqnozlar, uçot dərəcəsinin effektivliyinin artırılması, kredit faizlərinə dair vəziyyət və bir sıra digər məqamlar barədə açıqlamalarını diqqətə çatdırıb.

Sonra bu sənədlər ətrafında müzakirələr ikinci oxunuşda davam etdirilib. Komitə sədrinin müavini Əli Məsimli, deputatlar Məzahir Əfəndiyev, Vüqar Bayramov, Vahid Əhmədov, Rüfət Quliyev, Aydın Hüseynov, Razi Nurullayev bank sektorunda vəziyyətlə bağlı öz fikirlərini, bəzi qeyd və təkliflərini bildiriblər. Mərkəzi Bankın sədri Taleh Kazımov qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda təqdim olunan 27 qanun layihəsi ikinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.

Daha sonra tədbirdə gündəliyin digər 6 məsələsinə – birinci oxunuşda təqdim edilən  “Avtomobil nəqliyyatı haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində,  “Yol hərəkəti haqqında” Qanunda, “Lisenziyalar və icazələr haqqında” Qanunda və “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklərin edilməsi barədə qanun layihələrinə baxılıb.

Komitə sədri Tahir Mirkişili son zamanlar ölkədə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsi, sərnişin və yükdaşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. O, bununla yanaşı, bu sahədə xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı tədbirlərin görülməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımların atılmasının vacibliyindən bəhs edib.

Sonra Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev avtomobil nəqliyyatı sahəsinin tənzimlənməsi üçün təklif olunan yeni mexanizmlər barədə məlumat verib. O, bu sektorun beş fəaliyyət istiqaməti, o cümlədən taksi sifarişi operatorları, taksi daşımaları, müntəzəm marşrut üzrə sərnişin daşınması, beynəlxalq daşımalar, ölkədaxili sifarişli daşımalar üzrə bölündüyü və hər fəaliyyət növünə görə icazələrin nəzərdə tutulduğunu bildirib. Qeyd edilib ki, yeni mexanizmlərdə daşıyıcıya buraxılış vəsiqəsinin, onun istifadəsində olan nəqliyyat vasitəsinə buraxılış kartının verilməsi nəzərdə tutulub. Habelə, icazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar, icazələrin qüvvədə olma müddəti, icazənin verilməsi üçün dövlət rüsumu müəyyən edilir, icazə olmadan fəaliyyət göstərmək qadağan olunur. Bununla yanaşı, taksilərin və avtobusların daxili və xarici tərtibatının uyğunluğuna nəzarət mexanizmi yaradılır, “Fərqlənmə nişanı” isə yalnız fiskal alət rolunu yerinə yetirəcək.

Təqdimatda taksi daşımalarında taksometrlə bərabər onu əvəz edən proqram təminatından istifadə edilməsi, yaşayış məntəqələrində avtovağzalların sayı ilə bağlı meyarlar, “İcazə” blanklarının bölgüsünün aparılması üçün meyarlar, sifarişli qeyri-müntəzəm sərnişin daşımalarında formulyarın, yük daşımalarında əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib olunması tələbi və digər dəqiqləşdirici normalardan da bəhs edilib.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı məlumat verib. Sənədə əsasən, Məcəllənin 322-ci maddəsinə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması ilə bağlı yeni istiqamətlər üzrə cərimələr müəyyən edilir. 324-cü maddə yeni redaksiyada verilir və icazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması ilə bağlı cərimələr müəyyən edilir. Eyni zamanda, Məcəlləyə beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından istifadə qaydalarının pozulması, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi, taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddələrin əlavə edilməsi nəzərdə tutulub.

Müzakirələrdə komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev, Vüqar Bayramov, İqbal Məmmədov, Rüfət Quliyev, Aydın Hüseynov, Ziyad Səmədzadə, Razi Nurullayev, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Elvin Hüseynzadə çıxış ediblər. Çıxışlarda ölkənin nəqliyyat sektorunda hazırki vəziyyət, bu sahənin işinin səmərəliliyinin artırılması ilə bağlı fikirlər bildirilib, qanunlarda nəzərdə tutulan dəyişikliklər müsbət qiymətləndirilib, bəzi qeyd və təkliflər səsləndirilib.

Komitə iclasında iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, nazir müavini Rəhman Hümmətov verilən sualları ətraflı cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonda təqdim olunan bu 6 qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Sonra deputatlar “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alinması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adindan imzanmış “Yalançı əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun ləğv edilməsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Gömrük tarifi haqqında”  Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini nəzərdən keçirərək, bu sənədləri də Milli Məclisə tövsiyə ediblər.