Xaçmazda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmaz rayonunda 15 İyun Milli Qurtulu Gününə həsr olunan “Ümumilli Lider Heydər Əliyev xaçmazlıların xatirələrində” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıblar.

Heydər Əliyev mərkəzində Ulu Öndər Heydər Əliyevin Xaçmaz rayonuna səfərlərini əks etdirən fotoşəkillərə baxıblar.

Rəsmi hissədə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.

Tədbirə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş danışıb.

Bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Müxtəlif illərdə Ulu Öndər Heydər Əliyevlə şəxsən görüşmüş Milli Qəhrəman Yavər Şahbazovun atası Əlibala Şahbazov, Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Əli Mustafayev, ehtiyatda olan zabit Sabir Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul işçisi Yaqut Məsimova və rayon ziyalısı Sürəyya Əmirova mövzu ətrafında çıxış etməklə yanaşı, Ümummilli Liderlə görüşlərindən danışıb, xoş xatirələrini iştirakçılarla bölüşüblər. Qeyd edilib ki, Heydər Əliyev müxtəlif illərdə Xaçmaz rayonuna üç dəfə səfər edib. Onun Xaçmaza səfərləri rayonun sosial, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb.

Tədbirdə rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup şəxslər Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərmanla təltif edilib.

Sonda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.