İş axtaranların nəzərinə!

is

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) aprelin 1-dən 18 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.
Mərkəzi icra hakimiyyəti orqanlarından – Dövlət Sosial Müdafiə Fondu üzrə 250 vakant vəzifə və Dövlət Statistika Komitəsi üzrə 68 vakant vəzifə müsabiqəyə çıxarılmışdır. Bu dövlət orqanlarındakı vakant vəzifələr (318 vəzifə) ümumilikdə müsabiqəyə çıxarılan vakant vəzifələrin 71,95 faizini təşkil edir.

DQMK-dan ANS PRESS-ə verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 414-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 28-i isə məhkəmə orqanlarının aparatındadır.

Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər. Müsabiqə iki mərhələdə olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində komissiyanın internet saytında yerləşdirilmiş elektron müraciət formasını doldurmaqla və ya kağız daşıyıcılar vasitəsilə komissiyada qeydiyyatdan keçməlidirlər.