İşğaldan azad olunmuş ərazilərimizin yenidənqurma və bərpa işlərinin aparılması bizim üçün əziz olduğunun göstəricisidir

“Ağdam şəhəri dünyanın ən inkişaf etmiş müasir yaşayışı qurulacaq cənnət məkanına çevriləcəkdir. Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində təsdiq olunmuş Baş Planından da göründüyü kimi şəhər ən müasir standartlarla yenidən qurulacaqdır. Ağdam şəhəri 50 min nəfərin yaşayışı üçün tikilsə də, perspektivdə 100 min insanın rahat yaşaması üçün infrastruktur yaradılır”.

Bu fikirləri  açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, şəhərin mərkəzində kanallar, parklar salınacaq: “Şəhərin ərazisi Sumqayıtdan böyük, sıxlığı isə dünyanın ən çox yaşıl şəhərlərindən də az olacaqdır. Ağdam şəhərinin ağıllı şəhər konsepsiyası ilə tikilməsi və yaşıl enerji zonası adlandırılması bu ərazidə ekoloji təmizliyin maksimum qorunmasına hesablanması deməkdir. Ağdamda İşğal və Zəfər muzeylərinin tikilməsi və tarixi abidələrin bərpası, o cümlədən yaşıl parkların tikintisinə daha çox yer verilməsi burada turizm sektorunun inkişaf etdirilməsinə imkan verəcəkdir. Dövlətimiz işğaldan azad olunmuş ərazilərdə ancaq müasir yaşayışın yaradılması ilə kifayətlənmir. Bu ərazilərdə 4 regional mərkəzin yaradılması nəzərdə tutulur. Ağdam Sənaye Parkı, Cəbrayıl Logistika və Ticratət Mərkəzi, Şuşa Mədəniyyət və Turizm Mərkəzi, Kəlbəcər Hasilat və Turizm Mərkəzləri kimi bu regional mərkəzlər fəaliyyət göstərəcəkdir”.

A.Badamov vurğulayıb ki, prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində təməli qoyduğu Ağdam Sənaye parkı 33 istehsal sahəsi olmaqla geniş spektrdə xidmət və ticarət sahələrini özündə cəmləşdirməklə rayonun iqtisadiyyatında əsas yer tutacaqdır: “Ağdam Sənaye Parkı ilkin olaraq 330 nəfərin işləməsi üçün iş yeri yaradılaraq fəaliyyətə başlanacağı nəzərdə tutulsa da, gələcəkdə 1000 nəfərin işlə təmin edilməsinə hesablanıb. Ağdam şəhərinin Baş Planının təsdiq olunmasında ağdamlılar da iştirak edib və onların fikir və təklifləri nəzərə alınıb. Ağdam rayonunun müasir Baş Planına uyğun yenidən qurulmasına başlanması dövlət siyasətimizin əsasında vətəndaşların sağlam və rahat yaşamının təmin edilməsinin dayandığının göstəricisi hesab edirəm. İşğaldan azad olunmuş ərazilərin yüksək səviyyədə yenidən qurulması və bərpası həm də torpağımızın hər qarışının bizim üçün əziz olduğunun göstəricisidir”.