İşsizlərin nəzərinə

59
ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlara 875 boş iş yeri təklif edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlara 875 boş iş yeri təklif edib.
ANS PRESS-in məlumatına görə, “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri Azərbaycan Texniki Universitetində keçirilib. Tədbirdə 78-i özəl sektora aid 109 müəssisə tərəfindən ümumilikdə 875 boş (vakant) iş yeri tələbə və məzunlara təklif edilib. Vakansiyaların 637-si özəl müəssisələr tərəfindən təqdim olunub. Həmin müəssisələr sırasında “Ata Holdinq” ASC, “Ata Bank” ASC, “Azərcell Telekom” MMC , “Bakcell LTD” MMC, Azərfon MMC, “Qarant Sığorta” ASC, “Azərsun”MMC, “Parabank” ASC, “Holcim” Qaradağ Sement ASC, “Nurgün Motors” MMC, “Norm” Şirkəti və digər iri şirkətlər də olub.
Tələbə və məzunlar mövcud əmək bazarı haqqında, onların ixtisaslarına olan tələbat barədə məlumat əldə edib, işəgötürənlərlə ilkin əlaqələr qurublar. İşəgötürənlər tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə işə cəlb olunacaq ixtisaslı kadrlar seçmək üçün onlardan CV-lər qəbul ediblər. Bununla yanaşı, tədbir zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün Səyyar Əmək Birjası da fəaliyyət göstərib.
Xatırladaq ki, “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri bundan öncə “Odlar Yurdu” Universitetində keçirilib və tədbirdə 216 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib, işəgötürənlər tərəfindən 515 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunub.
Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbirləri il ərzində digər bir sıra ali təhsil müəssisələrində, o cümlədən Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir şəhərlərindəki ali təhsil ocaqlarında da keçiriləcək.