“İstəyimiz odur ki, Natiq Qasımovun qəhrəmanlığı qiymətləndirilsin” — Rey Kərimoğlu

Deputat Fazil Mustafa 31 əvvəl əsir götürülən və taleyi hələ də qaranlıq qalan Natiq Qasımova “Milli Qəhrəman” adı verilməsini təklif edib.

O, sosial şəbəkə hesabında yazıb ki, məsələni Milli Məclisdə gündəmə gətirəcək:

“Natiq Qasımov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almağa layiq şəxsiyyətdir. Eynilə Mübariz İbrahimov kimi. Onun da haqqı verilməlidir. Bu Vətən oğlunun obrazını tanıtmalıyıq, təbliğ etməliyik. Onun qəhrəmanlığının bənzəri çox az olur. Azərbaycan bayrağını ləyaqətlə daşıyan igidimizin ruhu şad olsun”, – deyə F.Mustafa qeyd edib.

Deputatın təşəbbüsünü dəstəkləyən “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu Demokrat.az-a açıqlamasında deyib ki, uzun illərdir qazilər, veteranlar bu məsələni qaldırır:

“Təəssüf ki, bu vaxta qədər buna müsbət reaksiya yox idi. Fazil Mustafaya bu məsələni qaldırdığı üçün təşəkkür edirəm. Nə dərəcədə reallaşacaq – zaman göstərəcək. Bu məsələni cənab Prezidentə çatdıracaq insanlardan çox şey asılıdır.

Qəhrəmanlığa görə fəxri adın verilməsi üçün hərbi hissə rəhbərliyi briqadaya, briqada korpusa, korpus Müdafiə Nazirliyinə müraciət edir. Müdafiə Nazirliyi Ali Baş Komandan qarşısında vəsadət qaldırır. Bunu Prezident birbaşa özü vəsadət olmadan da edə bilər. Cənab Prezident bu məsələləri çox gözəl dəyərləndirir. Hər iki yolla proses həyata keçirilə bilər.

Natiq Qasımov həqiqətən də qəhrəmandır. Milli Qəhrəman adına layiq bir oğuldur. Taleyi ilə bağlı bir neçə versiya var. Həqiqət ələ keçirilmiş separatçıların ifadələrindən sonra üzə çıxacaq. Onun xilas etdiyi insanlardan həyatda olanlar da var. Sona qədər düşmənlə döyüşməyi, bayrağa ehtiramı, 22 nəfər Xocalı sakinini xilas etməsi bariz faktlardır. Ona hətta ikiqat “Milli Qəhrəman” və ya “Vətən Müharibəsi Qəhrəmanı” adı düşür. İstəyimiz odur ki, Natiq Qasımovun igidliyi dəyərləndirilsin, biz də şad olaq”.

Xatırladaq ki, Natiq Səlim oğlu Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyada hərbi xidmət keçib. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra könüllü şəkildə Qarabağa müharibəyə yollanıb. “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edib. Silahdaşları şəhid olduqdan sonra günlərlə düşmənə qarşı təkbaşına vuruşan Natiq Qasımov Xocalı əsirlərinin buraxılması müqabilində ermənilərə təslim olub.