“Biz öz gücümüzlə davrandıq” Deputat

“BMT missiyasının Qarabağa səfəri, lobbi təşkilatlarının təşəbbüsü ilə təşkil olunmuşdu. Əsas məqsədləri, beynəlxalq təşkilatda ermənilərin müdafiəsi üçün mövcud olmayan “faktların” toplanması idi. Lakin, Azərbaycan dövlətinin  yüksək dəqiqliklə həyata keçirdiyi lokal anti-terror tədbirləri, Qarabağı tərk edən ermənilərə qarşı heç bir təzyiq, zorakılıq, məcbur etmə hallarının olmaması, bir nəfər də olsa, mülki vətəndaşın xəsarət almamasl, missiyada iştirak edənlərin planları ilə üst-üstə düşmədi. Konkret olaraq, heç fakt toplaya bilmədilər və verdikləri bəyanatlar da bunu sübut edir”.

Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan cəmiyyətini haqqlı olaraq narahat edən sual isə, BMT kimi ali təşkilatın 30 illik fasilədən sonra bölgəyə qayıtmasıdır:

“Necə olur ki, ötən əsrin 90-cı illərin əvvəllərində bir milyon azərbaycanlı ev-eşiyindən vəhşicəsinə qovulur, minlərlə mülki insan qətlə yetirilir, BMT başda olmaqla, heç bir beynəlxalq təşkilat reaksiya vermir. 30 il ərzində qaçqınların, məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün tədbir görülmür. Ancaq, 40-50 min erməni hər hansı təzyiq olmadan, öz xoşları ilə Ermənistana köçür və bütün dünya ayağa qalxır. “Ən qədim”, “məzlum” kollektiv ağlaşma üzrə      dünya millətləri arasında xüsusi həyasızlıqları ilə seçilən erməni-daşnak tayfasına havadarlıq edirlər. Bunun bir adı var. İkili standartlar və türk düşmənçiliyi”.

Deputatın sözlərinə görə, 44 günlük müharibə, ondan sonra həyata keçirilən tədbirlər bir daha sübut etdi ki, kiməsə arxayın olmaq lazım deyil:

“Ancaq öz gücünə arxayın olmalısan və Azərbaycan dövləti, xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, problemləri özü həll etdi. Zaman bizim xeyrimizə işləyir.

Ümumilikdə götürsək, hal-hazırki vəziyyətə görə, BMT missiyasını müsbət qəbul etmək olar”.