Xaçmazda Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

Xaçmaz rayonunda “Heydər Əliyev İli” çərçivəsində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin təhsil işçiləri ilə görüşlərini əks etdirən fotostendlərlə tanış olub, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.
“Heydər Əliyev və Azərbaycan təhsili” adlı qısa metrajlı film nümayiş etdirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günə gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Elnur Rzayev qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Fond ölkədə məktəb tikintisi ilə yanaşı təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Rayon Ağsaqqallar Şurasının sədri, təqaüdçü müəllim Məhərrəm Abasov, şəhid anası, Hacıisaoba kənd ibtidai məktəbinin müəllimi Bibixanım Mirzəmmədova və digərləri ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışıblar.
Sonda bir qrup qabaqcıl təhsil işçisinə, eləcədə uzun illər pediqoji fəaliyyətlə məşğul olmuş şəhid analarına Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.