İstəyirlər ki, bölgədə sülh, əmin-amanlıq bərpa olunmasın – Deputatlar şərh edir

Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasından sonra ermənilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinin “blokadada” olması ilə bağlı miflər yaratmağa başladı. Bir sıra beynəlxalq təşkilatlar isə erməni təxribatına uyaraq, Azərbaycan əleyhinə bəyanatlar veriblər.

Bir müddət əvvəl BMT İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən “Laçın dəhlizinin” blokadada saxlandığı və “Dağlıq-Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etdi. Azərbaycan Xarici İşlər Nazirliyi bu çıxışın təəssüf doğurduğu və bunun BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verdiyini bildirib.

Erməni təxribatına uyanlardan biri isə Litva dövlətinin xarici işlər naziri Qabrielius Landsbergis oldu. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litva XİN-i erməni təbliğatına uymamağa çağırıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycan 30 ilə yaxın bir vaxtda dünyanın necə ədalətsiz olduğunun şahidi olub:

“Azərbaycan 30 ildə baş verən hadisələrə selektiv yanaşmanın, məsələlərə birtərəfli qaydada münasibət bildirmənin şahidi olub. Təəssüf ki, yüz illər öncə din və başqa amillər əsasında baş verən müharibələr, qırğınlar müasir dövrdə başqa rakursda davam edir. Yəni bu gün təəssüf ki, hələ də demokratiyadan, insan haqlarından, insanın fundamental azadlıqlarından “guruldayan”, yaxud bağıran dövlətlər adi insan hüququnun qorunmasına selektiv yanaşır, dövlətlərə olan münasibətlərə dini rakursdan baxır. O cümlədən ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan arasındakı münaqişənin yalnız dondurulmasına, yaxud Ermənistanın xeyrinə həll olunmasına çalışdı. Azərbaycan öz gücü ilə, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və şanlı Ordusunun gücü ilə bu məsələni həll etdi. Biz bu gün qürur yaşayırıq”.

Deputat BMT və bir sıra beynəlxalq təşkilatların məsələlərdən bixəbər şəkildə belə bəyanatlar verdiyinə inanmadığını söyləyib: 

“Tarixin ironiyasıdır ki, dünyaya yalnız şər-böhtan, terror yayan, terroru təbliğ edən yarımdövlətin təbliğat maşını, yalanı, məsələləri təhrif etməsi həmin dövlətlər tərəfindən bu gün dəstəklənir. Dünyada ədaləti qorumalı olan  beynəlxalq təşkilatlar ədalətsizliyi təbliğ edir. Bu təhlükəli tendensiya son zamanlar Ermənistan tərəfindən sərhəddə yaradılan TIR şousunda daha intensiv xarakter alıb. BMT-dən başlayaraq, bir sıra beynəlxalq təşkilatlar ard-arda gülməli bəyanatlar verirlər. Məsələnin varlığından xəbərsiz kimi davranırlar. Mən düşünmürəm ki, onlar bunu sadəcə dezinformasiyalar əsasında edirlər. İnanmıram ki, onlar məsələnin nə olduğunu bilmirlər. Onların bu bəyanatları verməsinin kökündə xristian təəssübkeşliyi, şərin yanında olmaq, Azərbaycan və Türkiyəni güclü görməmək durur. Hətta heç vaxt daxili işinə qarışmadığımız və dost münasibət bəslədiyimiz dövlətlər də belə yanlışlığa yol verirlər. XİN səviyyəsində bəyanatlar verirlər. Bu gün Ermənistanın özünün də siyasi-hərbi isteblişmentində bir nəfər normal, ağıllı siyasətçiyə rast gəlinmir. Belə ağıllı bir adam çıxıb söyləmir ki, “Azərbaycan öz inkişafındadır. Durmadan-dayanmadan işğaldan azad etdiyi əraziləri yenidən qurur, abadlıq işi ilə məşğuldur. DOST mərkəzi açır. Orada artıq böyük tərəqqi var. Biz yalnız bu məsələlərlə özümüzə ziyan vururuq, yalnız ümumi sülh gündəliyinə kölgə salırıq”. Ermənistan bir də ayılacaq ki, onun nə siyasi, nə iqtisadi gücü var, nə də xalqın taqəti qalıb. Çünki Ermənistanda xalq ölkəni tərk edir. Bunu anlamayan xunta rejiminin zamanı keçib. Ədalətsiz dünya da başa düşməlidir ki, Azərbaycanı, onun inkişafını tormuzlamaq cəhdləri yalnız iflasa uğrayacaq”.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev isə vurğulayıb ki, ermənilər və onların havadarları Azərbaycana qarşı şantaj yolunu tutur:

“Laçın yolunun guya bağlanması ilə bağlı ermənilər son vaxtlar təşkilatlanmış şəkildə Azərbaycan əleyhinə kampaniya aparırlar. Ermənistan hakimiyyəti, erməni diasporu və bunlara himayədarlıq edən lobbi təşkilatları birlikdə bir növ Azərbaycanı ermənilərin haqlarını, hüquqlarını tapdalamaqda, Qarabağın dağlıq hissəsini blokadada saxlamaqda ittiham edirlər. Təbii ki, bunların heç bir əsası yoxdur. Biz görürük ki, hər gün Laçın sərhəd-buraxılış nəzarət məntəqəsindən ermənilər iki istiqamətdə də sərbəst hərəkət edirlər. Onların istər Ermənistana, istərsə də Qarabağa gəlməklə bağlı  heç  bir məhdudiyyəti yoxdur. Sadəcə ermənilər yaratdıqları bu vəziyyətdən Azərbaycan əleyhinə şantaj vasitəsi kimi istifadə etməyə cəhd edirlər. Bu da Ermənistanla yanaşı bəzi qlobal gücləri ciddi şəkildə narahat edir. İstəyirlər ki, bölgədə sülh, əmin-amanlıq bərpa olunmasın və Qarabağ ətrafında yaranan ajiotaj səngiməsin. İstəyirlər ki, bölgədə daim narahatlıq olsun və münaqişə davam etsin. Sadaladığm qüvvələrin hər biri öz geosiyasi maraqlarını təmin edirlər”.

 

Deputat Litvanın Azərbaycana qarşı qərəzli bəyanatına da reaksiya verib:

“Litva Xarici İşlər Nazirliyinin və digər Azərbaycana qarşı bu prosesdə iştirak edən digər diplomatik nümayəndəliklərin bir məqsədi var. Onlar Ermənistanın tam məğlubiyyətini, Azərbaycanın  möhtəşəm tarixi qələbəsini həzm edə bilmirlər. Onları bölgədə əmin-amanlığın yaranması, Azərbaycanla Ermənistan arasında sülh  müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması və Türk dünyası ilə Türkiyə arasında  iqtisadi əməkdaşlıq, inteqrasiya prosesinin sürətlənməsi ilə güclü bir türk dünyasının yaranması narahat edir. Təbii ki, buna görə də maksimum sülhyaratma prosesinin qarşısını almağa çalışırlar.  Bu prosesin qarşısını beynəlxalq hüquq normaları çərçivəsində yox, müxtəlif şantaj və böhtan üsullarından istifadə etməklə alırlar. Çünki onların hər biri çox yaxşı başa düşürlər ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan diplomatiyasının əleyhinə konkret, tutarlı faktları yoxdur. Məhz ona görə də, şantajdan, böhtandan istifadə edərək gərginliyi  saxlamaqda davam edirlər. Gərginliyin və münaqişənin konservasiya olunması onlar üçün  vacibdir. Onlar yaxşı bilirlər ki, Qarabağda 120 min erməni yoxdur. Orada cəmi 20-25 min əhali var. Onlardan sadə əhali taleləri ilə barışıblar və Azərbaycanın tərkibində yaşamağa üstünlük verirlər. Sadəcə qlobal güclər, daşnak milliyətçiləri onları qorxu altında saxlayırlar”.

Milli Məclisin digər bir deputatı Azər Badamovun sözlərinə görə, BMT-nin insan hüquqları təşkilatının, eləcə də bəzi digər beynəlxalq təşkilatların, o cümlədən Litva XİN-in Azərbaycanın Laçın yolunu bağladığı ilə bağlı erməni təxribatına uyaraq bəyanatlar yayması ikiüzlülük və xristian təsübkeşliyindən irəli gəlir:

“Onlar müsəlman bir dövlətin qalib gəlməsini, 30 il işğal altında saxlanmış torpaqlarını azad etməyini və BMT TŞ-nın qətnamələrini öz gücü ilə icra etdirməsini həzm edə bilmirlər. BMT-nin insan hüquqları təşkilatı və digər beynəlxalq təşkilatlar 300 minə yaxın azərbaycanlını Ermənistanda öz doğma yurdlarından qovulanda niyə səslərini çıxartmadılar? 90-cı illərdə Azərbaycanın suverən ərazilərini Ermənistan işğal edəndə və 750  min insana qarşı soqırımlar törədərək öz evlərindən məcburi köçkün salınanda və işğal etdiyi ərazilərdə yaşayış məntəqələrimizi, milli-mədəni tariximizi məhv edəndə, qanunsuz yeraltı və yerüstü sərvətlərimizi talayıb daşıyanda niyə səslərini çıxartmadılar? Onlar azərbaycanlıları ikinci dərəcəli insanlarmı hesab edirlər?. Biz özümüzə hörmət qoydurmağı bacarırıq və bunu döyüş meydanında sübut etmişik”.

Deputat qeyd edib ki, Azərbaycan öz ədalətli mövqeyini müdafiə edərək Qarabağda dövlət quruluşunu da yaxın zamanlarda bərpa edəcək:

 

“Azərbaycan heç bir ölkənin ərazisinə girməyib və qonşu dövlətlərə ərazi iddiaları yoxdur. Həm də bizi öz haqq yolumuzdan heç kim döndərə bilməz. Qarabağdakı ermənilər humanitar problemlə üzləşsəydi, Azərbaycanın təklifini qəbul edərdi. Separatçılar isə Ağdam-Xankəndi yolunu və digər alternativlərə beton piltələt qoymaqla özləri blok ediblər. Qarabağdakı ermənilərin humanitar yardıma ehtiyacı yarananda Azıərbaycana müraciət etsinlər. Azərbaycanın iqtisadi imkanları nəinki Qarabağdakı 25-30 min ermənin ehtiyaclarını qarşılamağına, həm də lazım gələrsə bütün Ermənistanı almağa gücü çatır. Özü-özünü güclə dolandıran Ermənistanın Qarabağda yaşayan ermənilərə humanitar yardım göstərməsi gülməlidir. Ermənistan dövlətimizin icazəsi olmadan ərazilərimizə heç nə göndərə bilməz. Beynəlxalq təşkilatların qətnamələri də ermənilərin yalanlarına haqq qazandırmaq cəhdi olduğundan kağız parçasadır. Azərbaycan saxta tələblər üzərində qurulmuş qətnamələrə əhəmiyyət vermir”.

Deputat Cavid Osmanov isə Laçında sərhəd-buraxılış məntəqəsinin açılmasına qədər ermənilərin buradan silah-sursat daşıdığını xatırladıb:

“Son günlər ərzində Laçın postu üzərində istər Ermənistan, istərsə də qondarma rejimin separatçı rəhbərləri tərəfindən müəyyən təxribatlar törədilməyə davam edir. Əlbəttə ki, bunun kökündə onların sülh müqaviləsinin imzalanmasından boyun qaçırmaq istəyi dayanır. Beləliklə, müəyyən ermənipərəst dairələr, xarici beynəlxalq təşkilatların bəzi qurumları, siyasətçiləri Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar.  Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq  Laçında öz postunu qurub. Post qurulmayana qədər buradan qeyri-qanuni yollarla separatçı rejimə silah-sursat daşınırdı. Post qurulandan sonra da biz gördük ki, müxtəlif təxribatlar törədirlər”.

 

Deputat ermənipərəst dairələrin, erməni lobbisinin Azərbaycana qarşı çox ciddi informasiya müharibəsi aparmaqda olduğunu diqqətə çatdırıb:

“Əlbəttə, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz qətiyyətli mövqeyini nümayiş etdirir. Bundan sonra da Azərbaycan dövləti öz düzgün və uğurlu siyasətini yürütməyə davam edəcək. Hər hansı qüvvələrin Azərbaycana qarşı belə təxribat xarakterli açıqlamalar verməsi,əlbəttə ki, Azərbaycanı öz haqlı, ədalətli yolundan çəkindirə bilməz. Eyni zamanda bu, bir daha onu göstərir ki, artıq həm qondarma separatçı rejim öz  son nəfəsini verir.  Azərbaycan Ermənistana alternativ yollar da təklif edir. Bütün dünyaya da bunu nümayiş etdirib”.

C.Osmanov qeyd edib ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatacaq:

“Təəssüf ki, 30 il ərzində Ermənistan Azərbaycana qarşı işğalçı siyasət həyata keçirəndə, xalqımıza qarşı misli görülməmiş vandalizm aktı törədərək soyqırımı həyata keçirəndə, bütün yollarımızı, infrastrukturumuzu, ekologiyanı darmadağın edəndə həmin dırnaqarası siyasətçilər açıqlama, bəyanat vermirdilər. Ermənistana təzyiq nümayiş etdirmirdilər. Bu açıq şəkildə onu göstərir ki, bu dairələr müəyyən mənada erməni lobbisindən qidalanan və Azərbaycana qarşı informasiya  hücumu etmək niyyətində olan qüvvələrdir.  Azərbaycan bütün bunlara baxmayaraq, öz qətiyyətli mövqeyi ilə qarşıya qoyduğu bütün hədəflərə çatacaq. Hər kəs bilməlidir ki, Azərbaycana qarşı hədə-qorxu dili ilə danışmaq heç bir nəticə verməyəcək. İndi ölkəmiz iqtisadi baxımdan, beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da güclənməsi baxımdan, silahlı qüvvələrimizin güclənməsi baxımdan daha irəlidədir. Ölkəmizin nüfuzu əvvəlki ilə müqayisədə daha da artıb”.