Şərurda TIR aşdı – YENİLƏNİB + FOTO/VİDEO

Şərur rayon Siyaqut kəndi yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar əraziyə Şərur rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb ediliblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Dongers” markalı bitum daşıyan yük avtomobili ilə “Chery” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və hər iki avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürənlər tərəfindən müvafiq vasitələrdən istifadə edilməklə avtomobillərdə sıxılı vəziyyətdə qalan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər. Həmçinin, bitum daşıyan yük avtomobilində mümkün yanğın-partlayış hadisəsinin qarşısını almaq üçün ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

11:34

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Siyaqut kənd yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində yüklə dolu TIR aşıb.

Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir. Əraziyə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.