İsveçrədə 31 Mart markası buraxılıb

İsveçrədə 31 Mart – Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə bağlı poçt markası buraxılıb.

XALQ,AZ xəbər verir ki, Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumata görə, bu barədə razılaşma səfirliklə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post” AG) arasında əldə edilib.

Soyqırımın 100-cü ildönümünə həsr olunmuş həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək.

Həmçinin bildirmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 19 yanvar 2018-ci il tarixli 3587 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymətin verilməsini istiqamətində Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən il ərzində müxtəlif tədbirlər keçiriləcəkdir.

 

Elgün