Jalə Əliyeva: “Azərbaycan dövlətinin milli maraq və mənafeləri hər şeydən üstün tutulmalıdır”

30 illik tarixi ikinci müstəqilliyi dönəmində müstəqil Azərbaycan dövləti hər zaman dünya ölkələri, xüsusilə, qonşuları-İran, Rusiya və Gürcüstan ilə əsl qonşuluq və bərabərhüquqlu əməkdaşlıq, tərəfdaşlıq münasibətlərinə önəm verib, açıq, birmənalı siyasət yürüdüb.

Heç zaman heç bir ölkənin daxili işlərinə, ələlxüsus, qonşularının iç məsələlərinə qarışmayıb, müdaxilə etməyib, eyni mövqenin sərgilənməsini də onlardan istəyib, arzulayıb, gözləyib.

Düzdür, zaman-zaman müəyyən məsələlərdə fikir ayrılıqları, ziddiyyətlər müşahidə olunsa da, müstəqil Azərbaycan dövləti ən böyük Cənub qonşumuz olan, 35 milyona yaxın Güney Azərbaycan türklərinin, qardaşlarımızın, soydaşlarımızın yaşadığı İranla, İran İslam Respublikası ilə də ikitərəfli münasibətlərə, açıq, konstruktiv, səmimi, qarşılıqlı əlaqələrə çox böyük diqqət yetirib, həssas yanaşma ortaya qoyub.

Heç bir məqamda İranın daxili-iç məsələlərinə qarışmayıb, əksinə, İranla bağlı bəlli dairələrin, çevrələrin atdıqları addımlar fonunda ölkəmiz, dövlətimiz, rəhbərliyimiz bitərəfliliyini, neytrallığını qoruyub-saxlayıb, sanksiyalar məsələsində öz müstəqil mövqeyini nümayiş etdirib, İrana dəstəyini əməli addımları ilə sübut edib.

İrana səfərlər gerçəkləşdiriləndə də bu ölkənin qaydalarına, prosedurlarına uyğun davranılıb, protokol qaydalarına hörmətlə yanaşılıb.

Xüsusilə də, mövqeyindən, titulundan, ranqından asılı olmayaraq, Azərbaycan xanımları bu ölkəyə bu və ya digər məsələlərlə bağlı səfərlər edəndə öz geyimlərində korrektələr aparıblar,  həmin ölkənin qadınlar üçün nəzərdə tutulan geyim qaydalarına əməl ediblər.

Elə bu məqamda Azərbaycan Respublikası Milli Məclisinin sədri, çox hörmətli Sahibə xanım Qafarovanın İrana uğurlu səfəri, yeni prezidentin inaqurasiyasında iştirakını da xatırladaraq, eyni zamanda üzülərək qeyd etmək istəyirik ki,  yenə də məlum və bəlli çevrələr sosial şəbəkələrdə, internet resuslarında, bəzi KİV-lərdə necə deyərlər, “stəkanda fırtına” yaratmaq cəhdində bulunublar.

Səfərin məqsədi-məramı, Sahibə xanımın Xocalı soyqırımı ilə bağlı əsl siyasətçi, dövlət xadimi kimi mövqe nümayiş etdirməsi, qonşu ölkənin parlamentini Xocalı soyqırımını tanımağa çağırış etməsi qalıb bir kənarda, hər zaman olduğu kimi, yenə də səfərin bəzi epizodik tərəfləri “müzakirə” mövzusuna çevrilib, əslində isə bununla bir daha və yenə “bulanıq suda balıq tutmaq” sevdasına düşülüb.

Amma yenə həmin şəxslər, dairələr, çevrələr hər zaman olduğu kimi, bu dəfə də əllərini üzlərinə-gözlərinə bulaşdırıblar.

Hər halda, bu, onların problemləridir, özləri bilər, amma yaxşı olar ki, bildikləri bir nəsnə varsa, ondan danışsınlar, bilmədiklərinindən və bilmək istəmədiklərindən danışmasınlar, özlərini biabır etməsinlər.

Biz bütün hallarda Parlament spikerinin səfərini, davranışını, Azərbaycanın adını uca tutmasını, xüsusilə, Xocalı soyqırımının tanınması ilə bağlı məsələdə əsl vətənpərvər, Azərbaycanpərvər mövqe sərgiləməsini çox müsbət, təqdirəlayiq hesab edir və alqışlayırıq. Bütün səfərləri kimi bu səfəri də Azərbaycanın milli maraq və mənafelərinə tam cavab verir və ona növbəti səfərlərində də uğurlar!


Yeri gəlmişkən, yaxşı olardı ki, özlərini “vətənpərvər”, əsl “dövlətçi” kimi cəmiyyətə pərçimləməyə çalışanlar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan dövləti adından qonşu dövlətə notasına fokslansınlar, onunla bağlı mövqelərini ortaya qoysunlar. Həmin nota kifayət qədər sərt və xəbərdarlıq xaraktetlidir.

Orada bir daha Azərbaycan dövlətinin milli maraq və mənafelərinin hər şeydən üstün tutulduğu və tutulacağı açıq şifrələrlə ortaya qoyulub, qonşu dövlətdən qonşuluğa uyğun davranış istənilib.

Ancaq məlum şəxslər, dairələr, çevrələr nədənsə bununla bağlı münasibət bildirməyə, sosial şəbəkələrdə öz etirazlarını, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə maraqlı və həvəsli görünmürlər.

Bu, bir daha onların hansı dəyərlər daşıyıcısı olduğunu  gözlər önünə sərir.

Ona görə indi necə susublarsa, bundan sonra da bilmədikləri məsələlər barədə dinib-danışmaslnlar.

Bəli, bir Azərbaycan vətəndaşı, ziyalısı və millət vəkili olaraq, Azərbaycan XİN-in məlum notasında səsləndirilən hər bir sözün, cümlənin altından imzamızı atırıq və qonşu dövləti bir daha qonuşuluğa layiq mövqe nümayiş etdirməyə çağırırıq.

Bəli, bizim mövqeyimiz hər zaman açıq olub, bu gün də belədir, biz öz mövqeyimizi bir daha ortaya qoyduq, indi söz, əməl qarşı tərəfindir.

Güman edək və inanaq ki, qarşı tərəf bu notadan ciddi nəticələr çıxaracaq və özünü əsl qonşu kimi aparacaq!

Jalə ƏLİYEVA,
Milli Məclisin  Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini,
filologiya elmləri doktoru, professor