Jalə Əliyeva: “Dövlət əsas Azərbaycan insanını, onun rifahı, təhlükəsizliyi düşünür”

Hər gün tarixi Zəfərimizin davamı, növbəti müjdələri gəlir. Hər bir sahədə, hər bir məsələdə qələbələrimiz, uğurlarımız davam edir. İqtisadiyyatından tutmuş sosialına qədər, siyasətindən tutmuş diplomatiyasına qədər, mədəniyyətindən tutmuş humanitarına qədər yeni uğurlara imza atırıq. Növbəti Azərbaycan nümunəsi, növbəti Azərbaycan modeli yaradılır. Bu günlərdə bunun daha bir nümunəsini, daha bir misalını yaşadıq.

Bu sözləri açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.

Jalə Əliyeva deyib ki, bu günlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə bir sıra obyektlərin açılışında iştirak etdi. Bakının Yasamal rayonunda salınan meşə tipli yeni parkın, Abşeron rayonunda, Xırdalan şəhərində mərkəzi xəstəxananın yeni tikilən binasının, yarımstansiyaların açılışları ilə bir daha Azərbaycanın iqtisadi inkişafı əyani şəkildə nümayiş etdirildi. Bir daha nümayiş olundu ki, 32 illik ağır və üzücü münaqişədən yenicə çıxmasına, dünyanı lərzəyə gətirən və Azərbaycandan da yan keçməyən koronavirus adlı bəşəri bəlanın davam etməsinə baxmayaraq, Azərbaycan dövləti yenə ayaq üstə, yenə öz gücündə, öz qüvvətindədir. Hər bir addım yalnız və yalnız Azərbaycan vətəndaşı naminə atılır. Bütün çətinliklər, maneələr inamla dəf edilir, yalnız və yalnız Azərbaycan insanı, onun rifahı, təhlükəsizliyi önə çəkilir. Hər bir addımın, hər bir məsələnin təməlində Azərbaycan vətəndaşı dayanır. Bizi biz edən, bizi güclü, həmrəy, sarsılmaz edən elə budur. Dövlətin hər zaman vətəndaşının yanında olması, ona-arxa dayaq durması… Biz bundan qüdrətlənirik, biz bundan güclənirik, çiyin-çiyinə irəliləyirik.

Deputat qeyd edib ki, növbəti açılışlar həm də növbəti bəyanatlarla, mesajlarla, müşayiət olundu. Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizi, insanımızı, dünyamızı maraqlandıran elə bir məsələ qalmadı ki, ona toxunmasın, ona münasibət bildirməsin. Hər bir məsələyə aydınlıq gətirildi, eyni zamanda, tələb və tapşırıqlar ortaya qoyuldu. Bir daha qətiyyətli şəkildə bəyan olundu ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz həm də erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini yox etmişik. Buna görə də bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Bir daha düşmənə də, havadarlarına da növbəti mesaj verildi və bildirildi ki, müasir dünya ikinci belə vəhşilik, erməni vəhşiliyi görməmişdir. Onlar əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Binaları, məbədləri, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı dəmir yumruqla məhv etdik. Əminik ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Əks-təqdirdə, Ermənistan adlı dövlətin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq. Bunu qəti şəkildə unutmasınlar! Dəmir yumruq həmişəki gücündədir. Həmçinin daxili auditoriyaya çağırış edilərək, bəzi məmurların özbaşınalığına bir daha yol verilməyəcəyi, bunu edənlərə qarşı barışmaz olunacağı bildirildi. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”, – deyən Prezident sərt xəbərdarlıq etdi. Bəli, Şuşa mədəniyyət paytaxtımızdır, mədəniyyət beşiyimizdir…Adına-şanına uyğun olaraq, qalmalıdır və qalacaq da. Əksi mümkün deyil və mümkün olmayacaq!