Jalə Əliyeva:”Azərbaycanın davamlı siyasəti regionun inkişafına, bölgənin xalqlarının rifahının yüksəlib”

İyulun 21-də keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi sözsüz ki, parlaq Zəfərimizin təntənəli sədalarındandır.

Bunu Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Deputat qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev iştirakı ilə Qələbəmizin rəmzi elan edilmiş Şuşa şəhərində keçirilən bu forum Qarabağ regionunun bütün dünyanın mədəni, iqtisadi, siyasi mərkəzlərindən birinə çevrilmək yolunda təşəkkül tapdığının növbəti təzahürüdür. Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq əlaqələri regionda sabitliyin və inkişafın təminatlarından ən başlıcasıdır və forum çərçivəsində də bu mövzu məxsusi müzakirə edildi. 44 günlük Vətən müharibəsinin ilk günündən etibarən Azərbaycana mənəvi dəstəyini göstərən qlobal liderin – Türkiyənin Şuşa Bəyannaməsini imzalaması ilə rəsmi olaraq Azərbaycanın müttəfiqinə çevrilməsi regional təhlükəsizliyə də təminat vermiş olur.

Sözsüz ki, regional inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır.

Millət vəkili vurğulayıb ki, Azərbaycanbu istiqamətdə mümkün olan bütün addımları atmaqdadır və Qarabağ ermənilərinin nümayəndələri ilə təmasları həyata keçirmək üçün xüsusi nümayəndə təyin olunması da bunun bir nümunəsidir. Son iki il yarım ərzində baş verən bəzi hadisələr Ermənistana bir daha isbat etdirdi ki, Qarabağ Azərbaycandır və Ermənistan bu reallıqla barışmalı, rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Azərbaycan dövlətinin 30 ildən çoxdur ki, öz dədə baba yurdlarından didərgün düşən xalqın doğma evlərinə qayıtması istiqamətində geniş spektrli tədbirlər və layihələr həyata keçirməsi də vurğulanması zəruri olan məsələlərdəndir. Belə ki, artıq 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib və həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox vətəndaşın doğma yurdlarına qaytarılması planlaşdırılır. Ümumilikdə Forumda Prezident İlham Əliyev tərəfindən səsləndirilən və bütöv bir regionun – Cənubu Qafqazın inkişafına, bölgənin xalqlarının rifahının yüksəlməsinə, sülhə, əmin-amanlığa, stabilliyə hesablanan bu vəya digər fikirlər, bir daha Azərbaycanın üstün mövqeyinin, dönməz iradəsinin, dəmir yumruğunun ifadəçisinə çevrildi deyə deputat qeyd edib.