Kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd etmişlər

 

08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günüdür.
AzərTAc xəbər verir ki, noyabrın 1-də Kənd Təsərrüfatı Nazirliyi bu münasibətlə tədbir keçirmişdir.
Kənd təsərrüfatı naziri Heydər Əsədov aqrar sahədə çalışanları peşə bayramları münasibətilə təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Nazir aqrar sahədə ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından, bu sahənin inkişafından və qarşıda duran vəzifələrdən danışmışdır.
Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini deyən nazir bildirmişdir ki, bu sahənin potensialından tam istifadə etmək lazımdır. Kənd təsərrüfatının inkişafında beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vacib məsələdir.
Digər çıxış edənlər də aqrar sahədə aparılan islahatlardan, görülən işlərdən, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışmış, peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərini təbrik etmişlər.
Natiqlər əldə olunmuş uğurlarla kifayətlənməyəcəklərini, aqrar sektorda istehsalın həcmini daha da artıracaqlarını, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına nail olacaqlarını vurğulamışlar.