Kamran Bayramov: ABŞ prezidentinin «soyqırımı» ifadəsini işlətməsinin heç bir tarixi və hüquqi əsası yoxdur

«İki əsrdən artıq müddətdə qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən “böyük Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqları tarixi saxtakarlıqlara əl atır, faktları təhrif edərək qondarma iddialar irəli sürür, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Xüsusən də hər il aprel ayında qondarma “erməni soyqırımı” ilə bağlı cəfəng və əsassız iddialarını gündəmə gətirərək süni ajiotaj qaldıran erməni şovinistləri bu yolla tarixən azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri amansız qırğınları, vandalizm aktlarını pərdələməyə, özləri haqqında “məzlum və əzilən xalq” imici yaratmağa səy göstərirlər.»

Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, tarixən erməni terrorçuları türklərə, o cümlədən xalqımıza qarşı dəfələrlə kütləvi qırğınlar törədib, lakin buna baxmayaraq uydurma erməni soyqırımının bir çox dövlətlər tərəfindən gündəmdə saxlanılması üçün bütün vasitələrə əl atılır. Ermənilərin bu əsassız iddiaları isə həmin ölkələr tərəfindən bir siyasi vasitə kimi istifadə olunur. Tarixi hadisələrin bu cür manipulyasiyası və siyasiləşdirilməsi ABŞ və Türkiyə arasında mövcud olan münasibətlərə xələlə gətirməklə, eyni zamanda iki ölkənin NATO çərçivəsində həyata keçirtdiyi əməkdaşlığını da şübhə altına qoymaqdadır. Aydın məsələdir ki, qeyd edilən təşəbbüs ABŞ-da fəaliyyətdə olan anti-Türkiyə dairələrinin təxribatının və dezinformasiyanın məhsuludur və hər iki ölkənin maraqlarına heç də xidmət etmir. Xüsusilə qeyd olunmalıdır ki, Türkiyənin məsələ ilə bağlı birgə komissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təkliflərinə etinasız münasibət Ermənistanın zaman-zaman gündəmə gətirdiyi “soyqırım” kampaniyasının hansı çirkin məqsədlərə xidmət etdiyinə sübutdur. Təkcə bir fakt Türkiyəyə qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə büruzə verir.

K.Bayramov əlavə edib ki, bütövlükdə türk dünyasına qarşı yönəlmiş bu iftira kampaniyasının əsassızlığını tarixi faktlar da təsdiqləyir. Hələ 1813-cü və 1828-ci illərdə Rusiya ilə İran arasında imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrı Azərbaycan xalqının parçalanmasının, tarixı torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsinə başlanmışdır. Beləliklə, soyqırımı, deportasiya və terrorizm Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmişdir. Təkcə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40, Türkiyədən 84 min erməni köçürülərək Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ərzisində yerləşdirilmişdir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq havadarlarının himayəsı altında 1828-ci il martın 21-də “ermənı vilayəti” adlandırılan süni inzibatı bölgünün yaradılmasına nail olmuşlar. Bununla da azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsası qoyulmuşdur.
Birləşmiş Millətlər Təşkilatının «Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» 1984-cü il tarixli Konvensiyasının müddəalarına əsasən hər hansı bir hadisənin soyqırım hesab olunması üçün səlahiyyətli məhkəmə orqanının təsdiqini almalıdır. Lakin, ümumqəbulolunmuş bir faktdır ki, «ermənilərə qarşı soyqırım cinayətinin» törədilməsi haqqında heç bir məhkəmə qərarı mövcud deyildir. Bu səbəbdən də ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı «soyqırımı» ifadəsini işlətməsi ədalətsiz, məsuliyyətsiz, heç bir hüquqi çərçivəyə sığmayan bir addımdır. Bu gün ikili standartların əsirinə çevrilmiş müəyyən aparıcı dövlətlər də yaxşı başa düşürlər ki, bütün bunların heç bir tarixi və hüquqi əsası yoxdur.