Kiprdə görüşlər keçirildi
Şimali Kipr Türk Respublikasında keçirilən II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İskəndərov, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-ŞKTR Parlamentlərarası İşçi qrupunun üzvü, filologiya elmlər doktoru, professor Jalə Əliyeva, Azərbaycan Respublikası Mətbuat Şurasının sədri, Azərbaycan Yazarlar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu ilə birlikdə Türkiyə Respublikasının ŞKTR-dəki Səfirliyini ziyarət ediblər.
Nümayəndə heyəti Türkiyənin Kiprdəki səfiri Yasin Ekrem Serim tərəfindən qəbul edilib. Görüşdə Azərbaycanın böyük Zəfəri, Türk birliyi, Azərbaycanın və Türkiyənin bölgədəki, eyni zamanda dünyadakı nüfuzu, Azərbaycan-Şimali Kipr Türk Respublikası münasibətləri haqqında danışılıb. Sonra nümayəndə heyətimizin üzvləri və Simpoziumun digər ölkələrdən – Türkiyə, Almaniya, İngiltərə, Hollandiya, Makedoniya, Qazaxıstan, Özbəkistadan gələn iştirakçıları ilə birlikdə ŞKTR Cumhuriyət Məclisinə gəliblər. Nümayəndə heyətimiz Azərbaycan Milli Məclisinin sədri, xanım Sahibə Qafarovanın ŞKTR Məclis Başqanı Ziya Öztürklərə salamlarını çatdırıb. Görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin həyata keçirildiyi, Türk Dövlətləri Birliyi çərçvəsində qurulan münasibətlərin getdikcə daha da inkişaf etdirildiyi, xüsusilə ötən il Azərbaycan Respublikası Milli Məclisi ilə Şimali Kipr Türk Respublikası Cumhuriyət Məclisi arasında Parlamentlərarası dostluq qrupunun yaradılmasının əhəmiyyəti məmnunluqla vurğulanıb, Türk Birliyinin təşəkkülü və inkişafı perspektivləri haqqında fikir mübadiləsi aparılıb, Azərbaycanın hər zaman Şimali Kiprin yanında olduğu ifadə edilib.