Kitablara etibar et!

95

 

 

Leyla Namazova

 

Kitab oxumaq çox cəlbedici və eyni zamanda faydalıdır. Hər dəfə hər hansı bir kitabı oxuyarkən yeni bir şey öyrənirsən. Mənə elə gəlir ki, oxuduqca oxumaq istəyirsən, artıq dayana bilmirsən və bu da bir tərəfdən çox yaxşıdır. Nə qədər çox oxusan bir o qədər də bilik, savad toplayırsan. Kitab insanın iç dünyasını zəngin edir. Kitab insanın ən yaxın dostu, sirdaşıdı. Kitabdan alınan məlumat hər zaman çox lazımı və xeyirlidir. Nə yaxşı bu kitabxanalar var, əvvəllər kitabxanaya getməyi heç sevmirdim, həvəsim yox idi, amma indi çox həvəsliyəm.

Doğrusu 7 yaşımdan kitab oxumağa başlamışam. Məktəbdə, institutda oxuyanda kitablarla nəfəs alırdım, hətta onlara sirdaş kimi baxıb onları oxuduqda rahatlaşırdım. Oxuduğum ən birinci kitabım Ceyms Hedli Çeyzin detektiv janrda olan əsərləri və müxtəlif yazıçıların romanları olub, bir zamanlar isə tamamilə kitab oxumaqdan uzaqlaşmışdım necə deyərlər imtina etmişdim. Evdə sevimli kitablarım ilə dolu böyük kitabxanam var idi, hamısını qohum-əqrəbaya, tanışlara payladım ki, sizlər oxuyun mən istəmirəm. Hətta kitab oxuyanlara da münasibətim bir mənalı idi, yəni mənfi, onlara bir təhər baxırdım, halbuki özüm kitab həvəskarı idim. O vaxt yəqin kefim yox idi və ya hansısa müəyyən səbəblərə görə kitablardan uzaqlaşdım, indi istəmirəm xırda məsələlərə toxunum, sadəcə bir zamanlar sevə-sevə kitab oxuyan Leyla, o oxumadığı vaxtlarından çox heyfsilənir, təəssüflənirəm ki, necə axı mən birdən-birə kitab oxumağı tamamilə atdım, necə, niyə, hansı ağıl ilə, düz 5-6 il kitabı əlimə də almadım, onun üzünə də baxmadım, təəssüflər olsun o günlərə, çünki kitab oxumaqdan yaxşı, faydalı heç bir şey yoxdur, insan çoxlu maraqlı, mənalı məlumatlar əldə edir, həyatı anlayır, dərk edir, haradasa özünü tapır, yəni kitab oxumaq hər insan uçün çox vacibdir.

Doğrudur indi 21-ci əsrdir və hər bir şeyi müasir kompyuter həll edir. Hər hansı bir kitabı internetdə tapa bilərsən, elə ordaca ya qısa məzmununu oxuya bilərsən, ya da ki, kserosürət edib, oxuya bilərsən. Ancaq kitabdan aldığımız bilik heç bir yerdə tapılmaz. İnternet tam məlumatları vermir, yəni bu məlumat kifayət etmir. Nə qədər çox internetdən istifadə etsək də, kitabın yerini vermir, yəni tam, bütöv istədiyimizi hərdən heç internetdən əldə edə bilmirik, axtar ki axtar. İndi isə kitab mənim dostumdur, mən artıq anladım ki, oxumaq, oxumaq, yenə də oxumaq mənim üçün önəmlidir, ziyanlı yox, əksinə çox faydalıdır, yenə də o 5-6 il əvvələ qayıdıram və kitabın əhəmiyyətini anlayıram. İndi həvəslə yolum düşəndə kitabxanaya da gedirəm, çoxlu kitablar da alıram, yəni o itirilmiş günləri qaytarıram. “Ali və Nino” kitab dükanına tez-tez baş çəkirəm, demək olar ki, artıq oranın daimi müştərisiyəm, orda bütün satıcılar məni tanıyır və ora daxil olanda yanıma yaxınlaşır və hər dəfə yeni kitablar məsləhət görürlər. Həftədə iki dəfə kitabxanaya gedirəm və oranın bütün kitablarını bir gündə oxumaq niyyətində oluram, hərdən elə istəyirəm nə isə yeni bir şey öyrənim. Kitabxananın ab-havası isə tam ürəyimə rahatlıq və mənəvi qida verir, orda elə bil lap evdəki kimi tam başqa bir mühit olur. Saatlarla oturmaqdan yorulmuram. Orda çox da olmasa az-maz oxucularla rastlaşıram. Onlara baxanda oxumağa marağım daha da çox artır, çünki oxucular maraqla və gözünü kitabdan çəkmədən oxuyurlar. Elə bil hamısı bir ağızdan mənə deyir: “Ay Leyla, otur sən də oxu, bizə baxmaqdansa ürəyin istədiyi kitabı seç oxu”. Mən kitabxanaya gedəndə çalışıram ki, həm əcnəbi, həm də bizim yerli yazıçıların romanlarını oxuyum. Əcnəbilərdən ən sevdiyim yazıçı Qabriyel Qarsiya Markesdir, onun demək olar ki, bütün roman və əsərlərini oxumuşam. Məmnuniyyətlə və maraqla Markesin romanlarını oxuyuram və deyərdim ki, o yazıçının romanlarını oxumaq mənim üçün çox rahatdır,çox asan dil ilə yazır və daha da ürəyimcə olan romanları var. Daha sonra Nabokov, Dostoyevskiy, Mark Tven, Edqar Alan Po, Onore de Balzak, Çarlz Dikkens, Paulo Koelyo kimi məhşur yazıçıların əsərlərini oxuduqca yorulmuram, çünki çox maraqlı və eyni zamanda olduqca düşündürücü əsər və romanlardır. Və ən əsası zövqümcədir.

Mənim çoxlu yazıçı dostlarım var, onlar mənə öz şəxsi imzaları ilə kitablarını da bağışlayıblar, fürsət düşən kimi onlarla görüşüb, kitab barədə söhbət edib, kitablarını öz şəxsi imzaları ilə əldə edirəm. Hər hansı bir kitabı əldə edirəmsə, çalışıram, mütləq müəllifin imzasını alım sonra isə onlar məndən xahiş edib deyir ki, oxuyub bitirəndən sonra fikirlərinizi bildirməyi unutmayın. Bir çox romanlar, tarixi romanlar oxumuşam və hələ də oxumaqda davam edirəm.

Yəni bir kitabı oxuyub bitirdikdən sonra mütləq başqasına keçib o kitabı necə deyirlər oxuyub feyzyab oluram, sanki həmin kitablardan bilik alıram, əlavə savada yiyələnirəm və bilmədiyim şeyləri öyrənməkdə sevinirəm.

Avropada kitabxanaların sayı kifayət qədərdir və demək olar ki, əcnəbilərin ən sevimli məşğuliyyəti elə kitab oxumaqdır. Çalışmaq lazımdır ki, Azərbaycanda da kitaba maraq get-gedə daha da artsın. Daha da çox kitabxana, kitab evi, kitab mağazaları açmaq lazımdı, maraq dairəmizi artırmalıyıq, kitaba daha da çox yer ayırmaq lazımdı. Oxumaq lazımdır, mütləq həyatın boyu heç olmasa hər hansı bir kitab oxumalısan, kitab üzü görməlisən. Yaxşı olar ki, boş oturmaqdansa, boş-boş seriallara baxmaqdansa, mənəvi zənginləşək, kitabı əlimizə alıb küçədə, skamyada, lap ictimai nəqliyyatda oxuyaq bu ayıb deyil, əksinə tərifə layıq və sevindiricidir.

Oxumaqdan, savad almaqdan möhtəşəm heç nə yoxdur. Kitablara etibar et, onlar ən yaxın olanlardır. Onlar lazım olanda susur və zəruri halda qarşınızda dünyaları açaraq danışırlar.