Ağdaşlı gənclər hərbi xidmətə yola salınmışlar

 

16

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində gənclərin həqiqi hərbi xidmətə növbəti yola salınması mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Böyük Vətən və Qarabağ müharibələrinin veteranları, valideynlər çıxış edərək ölkəmizin ordu quruculuğu sahəsində qazandığı uğurlardan danışmış, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərbin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etmişlər. Bildirilmişdir ki, bu gün güclü maddi-texniki bazaya malik olan ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bundan əlavə, bu gün gənclər müstəqil Azərbaycanın ərazi bütövlüyünü qorumağa həvəslə gedirlər.
Toplantıda rayonun orta ümumtəhsil məktəblərində gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi və ağdaşlı gənclər arasında hərbi çağırışdan yayınma hallarının qeydə alınmadığı bildirilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin həkim komissiyasında tibbi müayinədən keçən çağırışçı gənclər sonra müqəddəs “Qurani-Kərim”in altından keçərək və Azərbaycanın dövlət bayrağını öpərək musiqi sədaları ilə birbaşa hərbi hissələrə yola salınmışlar.