Komitə rəsmisinin adı növbəti qalmaqalda

komite

Standartlaşdırma Komitəsinin xidmət rəisi Əbülfət İmanovun zorla xarici şirkətlərə şərik olduğuna dair məlumatlar yayılıb 

Ölkə qanunvericiliyində dövlət qulluqçusunun bizneslə məşğul olması qadağan edilir. Eyni zamanda, bu qanun millət vəkillərinə və digər dövlət rəsmilərinə də şamil edilir. Amma Azərbaycanda qanunların kağız üzərində qalması səbəbindən bu məsələyə heç bir məmur tərəfindən riyayət olunmur.

Həmin qanunları bir kənara qoyaraq, bizneslə məşğul olan dövlət qulluqçularından biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovdur.

Verilən məlumatlara görə, Ə.İmanov tikinti sektorunda fəaliyyət göstərən bir neçə şirkətdə paya sahibdir. Həmçinin vurğulanır ki, Əbülfət İmanovun tikinti şirkətləri inşaat işləri ilə beynəlxalq səviyyədə də məşğul olurlar. Məsələn, bu şirkətlərdən birinin hazırda Ukraynada yaşayış evlərinin tikintisi ilə məşğul olduğu vurğulanır.

Bundan başqa məlumatlarda Ə.İmanovun vəzifə səlahiyyətlərini aşdığı da deyilir. Xalq.az xəbər verir ki, bu barədə Jam.az-a danışan mənbələr bildirir ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi xüsusilə əməkdaşların işə qəbulu məsələsində ciddi qanun pozuntularına yol verir. Belə ki, Ə.İmanov sırf şəxsi mövqeyinə əsaslanaraq, dövlət qulluğuna qəbul qaydalarına müvafiq şəkildə işə götürülmüş əməkdaşları heç bir əsas olmadan vəzifələrindən azad edir. Vakant yerlərə isə bir çox hallarda ixtisası uyğun olmayan, qeyri-peşəkar şəxsləri, müqabilində müəyyən məbləğdə pul almaqla işə qəbul edir.

Məlumatlarda o da deyilir ki, Əbülfət İmanovun adının rüşvət qalmaqallarında hallandırılması heç də birinci deyil. Belə ki, bir müddət əvvəl ölkə mətbuatında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin digər bir müavini ilə xidmət rəisi Əbülfət İmanovun arasında ciddi qarşıdurmanın yaşandığına dair məlumatlar yayımlanmışdı. Həm də vurğulanırdı ki, bu qarşıdurmanın yaranmasına səbəb həmin vaxt komitənin başlatdığı və geniş yayılmış reydlər nəticəsində müəssisələrdən yığılan rüşvətin bölüşdürülməsi zamanı meydana çıxan narazılıq olub.