Nurçu davası GİN-ə keçir

77

Elnur Aslanovun yaxın adamı kimi tanınan İntiqam Babayevin «gülənçi»lərlə bağlı olduğuna dair iddialar var 

Novruz Bayramı ərəfəsində Azərbaycan hakimiyyətində baş qaldırmış nurçu qalmaqalı artıq bir yüksək çinli məmurun işdən çıxarılması ilə nəticələndi. Prezidenti Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsini müdiri Elnur Aslanov işdən çıxarıldı və onun rəhbəri olduğu şöbə elə həmin qurumun tərkibindəki İctimai-Siyasi Şöbəyə birləşdirildi.

Deputat Rəbiyyət Aslanovun oğlu olan Elnur Aslanovun işdən çıxarılması səbəbi dəqiq və konkret göstərilməsə də, onun Fətullah Gülənlə birbaşa bağlı olması dəqiq məsələydi. Və Azərbaycan hakimiyyəti illərdən bəri daxildə formalaşmış və aparıcı qüvvəyə çevrilmiş nurçuların işdən çıxarılması üçün əlinə düşmüş mühüm imkandan yararlanmalı olmuşdu.

Qeyd edək ki, prosesin təkcə Elnur Aslanovla bitəcəyi inandırıcı deyil. Onun işdən çıxarılmasının ardından hakimiyyətdəki digər dini qruplarla bağlı olan şəxslərin də məsələsinə baxılacağı dəqiq məsələdir. Təbii ki, ilk olaraq hələlik Elnur Aslanova bağlı olan nurçularla çəkilən «haqq-hesab» çürüdüləcək. Bu sırada kimlərin yer alacağı dəqiq olmasa da, bu prosesin daha böyük fiqurlara qədər gedib çıxacağı istisna deyil.

Xalq.az xəbər verir ki, Jam.az-ın əldə etdiyi məlumatda vurğulanır ki, hakimiyyət daxilində baş qaldırmış nurçu qovğasının növbəti mərhələyə qədəm qoyur və proses Prezident Admnistrasiyasından Gənclər və İdman Nazirliyinə (GİN) sıçrayacaq. Məlumatların real olmasını təsdiq edərsək belə anlaşılır ki, GİN-də nurçularla bağlı yetərli qədər yüksək çinli məmur var. Hətta onların arasında nazir müavini postunu tutanların da olduğu iddia edilir.

Məlumatlı mənbənin dediklərinə görə, həmin nazir müavini İntiqam Babayevdir. Elnur Aslanovla sıx əlaqəsi olan Babayevin belə mühüm posta sahib olmasında da deputat oğlunun müsətəsna xidmətlərinin olduğu vurğulanır. Hətta o da qeyd olunur ki, nazir müavini yaranmış təhlükəli vəziyyətdən xəbərdardır və bu səbəbdən də bəzi önləyici tədbirlər görməyə başlayıb. Hələlik həmin önləyici tədbirlərin konkret olaraq nədən ibarət olduğu məlum deyil.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.