“Kommunikasiyaların açılması dəhliz statusunun verilməsi anlamına gəlmir” – Deputat

“Naxçıvanı Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu birləşdirəcək Horadiz-Arazdəyən dəmir yolu xəttinin açılması ilə bağlı üçtərəfli razılaşma əldə olunub”.

Bu fikirləri  Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, kommunikasiyaların açılması dəhliz statusunun verilməsi anlamına gəlmir:

“Ancaq 10 noyabr 2020-ci il Bəyannaməsinə görə, Ermənistan öz ərazisindən Azərbaycan vətəndaşlarının, yüklərin maneəsiz olaraq keçidini, təhlükəsizliyini təmin etməlidir.

Bu məsələdə Rusiya ilə Ermənistan arasında əsas fikir ayrılığı ondan ibarətdir ki, Paşinyanın da imzaladığı üçtərəfli razılaşmaya görə, həmin dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət etməlidir. Ermənistan müxtəlif bəhanələrlə bundan yayınır və istəyir ki, nəzarət mexanizmi öz qanunvericiliyinə uyğun olaraq həyata keçirilsin. Yəni, dəhlizin giriş-çıxışında Ermənistanın nəzarət-buraxılış postları qoyulsun. Kommunikasiyaların açılması əleyhinə kifayət qədər güclərin olmasına rəğmən, bu layihə region ölkələri üçün vacibdir.

Əminəm ki, Prezident İlham Əliyev bütün mümkün vasitələrdən istifadə etməklə başladığı işi başa çatdıracaqdır”.