Konstitusiyanın qəbulu davamlı inkişafın əsasını qoydu

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin 4-cü Konstitusiyasıdır.

1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. SSRİ-nin tərkibində olduğumuz dövrlərdə isə Konstitusiyamız əsasən İttifaqın Konstitusiyasına uyğunlaşdırılmışdır.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsas islahatlar ölkəmizi inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. O, müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının – azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk Konstitusiyanın da banisi hesab olunur.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğunu tənzimləyən, demokratik inkişafa təminat yaradan, mükəmməl dövlət idarəçiliyinin əsasını qoyan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında əməli dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşməsində hüquqi baza rolunu oynayan mütərəqqi bir sənəd idi.

Konstitusiyamız və milli ideologiyamızda dövlətçilik maraqları, milli birlik və vətəndaş həmrəyliyi prinsipləri ilə yanaşı, eyni zamanda milli-mənəvi dəyərlərimizi yaşadan, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi ideyasına da xüsusi önəm verilib. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən vətənpərvər, savadlı, bacarıqlı fəal insanlar kimi görürdü. Ümummilli Lider deyirdi: “Biz elə bil nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın”. Mən də o dövrlərdə yaşamış bir gənc olaraq yeni Konstitusiyanın qəbul olunmasının canlı şahidi və iştirakçısı olmaqla  yanaşı, həmin Konstitusiyanın gənclərin gələcək inkişafı üçün yaratdığı şəraitdən birbaşa bəhrələnmişəm.

Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, məhz Konstitusiya qəbul edilən gün – 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycanın Parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş səmərəli dövlət siyasətini bu gün uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev Ümummilli Liderin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki, məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları – azərbaycançılıq məfkurəsi formalaşdırıldı… Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.

 Məhz Ulu Öndərin rəhbərliyi altında qəbul olunmuş yeni Konstitusiyada təsbit olunmuş azərbaycançılıq ideologiyasını bu gün Prezident İlham Əliyev daha real və dolğun məzmunla zənginləşdirərək Azərbaycan cəmiyyətində milli birlik və həmrəylik yaratdı, yaradılmış Müzəffər Azərbaycan Ordusunun sayəsində 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarımızı 44 gün ərzində azad etməyə nail oldu.

Azərbaycan vətəndaşının həyatda yaşadığı müddətdə həqiqətin, haqqın və ədalətin əldə olunması üçün istinad etdiyi iki müqəddəs kitabı var. Bunlardan biri qanunların aliliyini təmin edən Konstitusiyadır, digəri isə insanlarımızın inanclarını ifadə edən müqəddəs Qurani-Kərimdir. Təsadüfi deyil ki, məhz ölkənin ən ali kürsüsünə xalqdan vəsiqə alan Prezident fəaliyyətə başlamadan öncə bu iki kitaba and içir.

Bu gün müstəqil dövlətimiz yaşadıqca, Ümummilli Lider Heydər Əliyevin işıqlı ideyalarının və ümumbəşəri dəyərlərin əks olunduğu Azərbaycan Konstitusiyası və azərbaycançılıq ideologiyası ölkəmizin davamlı inkişafına bundan sonra da öz töhfələrini verəcəkdir.

Məzahir Əfəndiyev

Milli Məclisinin deputat