“Qarabağın işğaldan sonra investisiya potensialı” mövzusunda regional videokonfrans keçirilib

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı “Qarabağın işğaldan sonra investisiya potensialı” mövzusunda onlayn rejimdə regional videokonfrans keçirilib.
Videokonfransa Azərbaycan və Ukrayna Parlamentlərarası əlaqələr üzrə Deputat Qrupunun həmsədrləri, hər iki ölkənin dövlət strukturlarının rəsmiləri, Xarkov Vilayət Administrasiyasının rəsmiləri, Xarkov şəhər Şurasının deputatları, iş adamları, politoloqlar qatılıblar.
Konfransın məqsədi Ukrayna iş adamlarının Azərbaycanın işğaldan azad olunan ərazilərində investisiya potensialını dəyərləndirmək və onları Qarabağ bölgəsi ilə tanış etməkdir.
Tədbiri giriş sözü ilə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu açdı. O qeyd etdi ki, Zəfər günündə belə bir tədbirin keçirilməsi Ukrayna-Azərbaycan dostluğunun möhkəmlənməsinə və biznes sahəsində əlaqələrin dərinləşdirilməsinə müsbət təsir göstərəcək.
Daha sonra Azərbaycanın investisiya imkanlarından bəhs edən video təqdimat nümayiş etdirildi. Qarabağ bölgəsinin investisiya potensialına dair videosüjetə baxandan sonra Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan və Ukrayna Parlamentlərarası əlaqələr üzrə Deputat Qrupunun həmsədri Rüfət Quliyev ölkəmizin işğaldan azad olunan ərazilərində görülən yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat veriblər. Xarici sərmayəçilərin Qarabağ bölgəsinə yatırımı üçün əlverişli mühitin yaradıldığını vurğulayıblar.
Azərbaycanın İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, ölkə prezidentinin tapşırığına əsasən Qarabağın bərpa prosessinə dost ölkələrin şirkətləri aktiv şəkildə cəlb ediləcək. Ukraynanın Azərbaycanın haqq savaşında yanında olduğunu xatırladan Nazir müavini onların Azərbaycanda işləmələri üçün dəstək veriləcəyini dilə gətirdi.
Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev qanunvericilik bazasının təkminləşdirilməsi və investorların maraqlarının müdafiəsi üçün görülən işlərdən və onlara tanınan prefensiyalardan danışdı. Qeyd etdi ki, Azərbaycan prezidentinin siyasi xətti investisiya mühitinin davamlı şəkildə yaxşılaşdırmaqdan ibarətdir və Milli Məclis bu işdə üzərinə düşəni edir.
Azərbaycan və Ukrayna Parlamentlərarası əlaqələr üzrə Deputat Qrupunun həmsədri, Ali Radanın deputatı Vladimir Kreydenko Azərbaycan xalqını Böyük Qələbə Günü münasibətilə təbrik edib və ümidvar olduğunu bildirib ki, bu tədbir ukraynalı iş adamlarının Qarabağa investisiya yatırımı üçün öz töhfəsini verəcək.
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov iclasda iştirak edənlərin diqqətinə çatdırıb ki, Ukrayna-Azərbaycan əlaqələrinin iqtisadi sahədə dərinləşdirilməsi məqsədilə növbəti addım olaraq ukraynalı iş adamlarının dekabr ayında Azərbaycana birbaşa səfər olacaq və hazırda Ukrayna nümayəndə heyətinin tərkibi formalaşdırılır.
Bundan sonra Əfqan Salmanov videokonfransın bütün iştirakçılarını hər iki tərəfdən Azərbaycan xalqının qarşıdan gələn 44 günlük Vətən müharibəsində Zəfər Günü münasibətilə təbrik edib. “Azərbaycanın Ali Baş Komandanı və Prezidenti İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkənin ərazi bütövlüyü bərpa edilib. Bu, XXI əsrin ən böyük Qələbəsidir!”, – deyə Əfqan Salmanov əlavə edib.
Tədbirdə daha sonra çıxış edən Xarkov Vilayət Administrasiyasının rəsmiləri, Xarkov şəhər Şurasının deputatları, müəssisə rəhbərləri mövzu ətrafında öz fikirlərini bölüşüblər.