Koronavirusa qarşı hansı dərmanlardan istifadə olunur?

“Bütün dünyada koronavirusa qarşı hansısa spesifik preparat istifadə edilmir”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında baş infeksionist Cəlal İsayev deyib. O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı vaxtaşırı fərqli preparatların adlarını açıqlayır:

“Lakin iddia olunan dərmanların heç biri istənilən nəticəni vermir. Koronavirusa yoluxmuş xəstələr üçün adi respirator virus infeksiyalarında tətbiq edilən dərmanlar istifadə edilir. Son araşdırmalara görə xəstəlikdən sağalmış insanların qanının plazması effekt verə bilər. Çünki bu plazmanın tərkibində koronavirusla mübarizə üçün yararlı maddələr mövcud olur. Bu isə xəstəliyin yüngül keçməsinə, müalicəsinə kömək edə bilər. Təklif edilən digər preparatların ciddi faydaları olmamaqla bərabər yan təsirləri də mövcuddur”.

C.İsayev qeyd edib ki, koronavirusdan sağalan xəstələr adi qripdən sağalmış kimi həyatına davam edə bilərlər:

“İki dəfə ard-arda müayinələrin nəticəsi mənfi olan şəxs sağalmış sayılır. Evə buraxıldıqdan sonra xəstə 3 ay müddətində vaxtaşırı narahatlıq hiss edərsə, sahə həkiminə müraciət edə bilər. Amma xüsusi distansiya müşahidəsi vacib deyil”.