“Körpü-Bina-Tikinti” MMC-də böyük yeyinti

Korpu

Şirkətin rəhbəri Xəlil Göyüşov və oğlu Ramiz Göyüşov həbs oluna bilər

Dövlət sifarişli layihələrin tikintisində külli miqdarda yeyintiyə yol verildiyi iddia olunur

Ölkənin tikinti sektorunda əsas pay sahiblərindən biri olan «Körpü-Bina-Tikinti» (KBT) Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) neqativ hallar bitib-tükənmək bilmir. Qısaca bildirək ki, söhbətini apardığımz şirkət 2001-ci ildə yaradılıb. Azərbaycanda sənaye obyektlərinin, yaşayış binalarının, körpülərin, neft kəmərlərinin, su kanallarının, yanacaqdoldurma stansiyalarının (YDS), istilik elektrik stansiyalarının (İES) tikintisi, dəmir yollarının çəkilməsi, torpaq işləri, bünövrələrin qoyulması, svay işlərinin həyata keçirilməsi ilə məşğul olan cəmiyyət demək olar ki, görülən işlərin tamamını öz əlinə keçirib.Yəni bu gün şəhərin əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini məhz bu şirkət aparıb. Bu isə o deməkdir ki, şirkət rəhbərinin arxasında hansısa vəzifəli şəxslərdən biri dayanıb. Əks halda MMC bu qədər layihənin icraçısına çevrilə bilməzdi. Müəssisənin tərkibində beton zavodları, qum, çınqıl istehsal edən karxanalar da fəaliyyət göstərir. Qəzetimizin əvvəlki nömrələrində «Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşovun qanundan kənar maliyyə əməliyyatları, dövlət sifarişli layihələrin icrası zamanı yol verdiyi ciddi nöqsanlarla bağlı silsilə yazılar dərc etmişdik. Aldığımız son məlumatlara görə, aidiyyəti hüquq-mühafizə orqanları MMC-də həyata keçirilən yeyinti hallarından xəbər tutublar. Bu barədə redaksiyamızı məlumatlandıran şəxsin sözlərinə görə, dövlət büdcəsi hesabına sifariş edilən layihələrin tikintisi zamanı MMC-nin rəhbərliyində təmsil olunan şəxslər, xüsusilə də şirkətin sahibi Xəlil Göyüşov külli miqdarda vəsaiti şəxsi məqsədləri üçün istifadə edib. Belə ki, tikinti işlərində ən ucuz materiallardan istifadə olunduğu halda, MMC sədri kağız üzərində şişirtmələrə yol verərək büdcənin vəsaitlərinin axırına çıxıb. Həmçinin o yerli sexlərdə istehsal olunan tikinti məhsullarını xarici mal adı altında qanunsuz maliyyə maxinasiyalarına yol verib. Bu faktlara göz yuma bilməyən prokurorluq orqanları «Körpü-Bina-Tikinti» MMC-də cərəyan edən xoşagəlməz işlərin izinə düşmək qərarına gəliblər. Mənbənin sözlərinə görə, son vaxtlar müxtəlif tikinti şirkətlərinin rəhbərləri dələduzluqda və korrupsiyada ittiham olunaraq həbs edilirlər: «Məhdud Məsuliyyətli Cəmiyyətdə gözlənilən korrupsiya yoxlamaları Xəlil Göyüşovun həbsi ilə nəticələnə bilər. İstintaq orqanları şirkətin icra etdiyi bütün dövlət sifarişlərinin maliyyəsini, yəni ayrılan pulların necə xərclənməsini araşdıracaqlar. Yəqin ki, bu yoxlamalardan sonra MMC sədri həbs olunacaq».

 

P.S. M. Hüseynov küçəsində, «Azneft» meydanında və Ü. Hacıbəyov, Z.Əliyeva küçəsi və Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsindəki yeraltı keçidlərin tikintisi zamanı hansı qanun pozuntularına yol verilib? Bu haqda araşdırmalarımızdan sonra məlumat veriləcək.

 

Araşdırmalarımız davam edir

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq