Küçədə qalan bacılar

Qiz-1

Gəncə şəhərində əyyaş atası tərəfindən küçəyə atılan 3 bacının ikisi “Təmiz Dünya” İctimai  Birliyinin sığınacaq evinə, digəri isə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara  Yardım İctimai Birliyindən məlumat veriblər.

Təşkilatdan dedilər ki, bacılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  himayəsinə götürülüb. Komitə onların problemləri ilə məşğul olacaq. Azərbaycan Uşaqlar  Birliyinin sığınacağına yerləşən azyaşlı isə bacıları ilə getmək istəməyib. Azərbaycan Uşaqlar  Birliyindən verilən məlumata görə, o, orta təhsilini davam etdirmək istəyir: “Biz qızların üçünü də sığınacağa yerləşdirmişdik. Onlar Gəncədəki uşaq evində böyüyüblər. Qızların birinin geyim və davranış tərzi fərqlidir. Saçlarını müxtəlif rənglərə boyayıb, qulağını bir neçə yerdən deşdirib. Ona bu tərzinin yaşına uyğun olmadığını, dəyişməsini tövsiyə etdik. Hazırda bacıların kiçiyinin sığınacağa yaxın ərazidəki məktəblərin birində təhsilini davam etdirməsinə çalışırıq”.

Təşkilatdan onu da bildirdilər ki, məktəb direktorları sığınacaqda yaşayan küçə uşaqlarını rəhbərlik etdikləri təhsil müəssisəsinə qəbul etmək istəmirlər. Buna görə də küçə uşaqlarını məktəblərə yerləşdirmək çətindir: “Məsələn, ata bu qızlara baxmayıb. Onlar uşaq evlərində böyüyüblər. Belələri çoxdur. Biz Təhsil Nazirliyinə də müraciət edərək yardım göstərilməsini istəmişik. Küçə uşaqlarını məktəbə göndərərkən hər dəfə problemlə rastlaşırıq. Küçə uşaqlarına nəzarəti heç kim öhdəsinə götürmək istəmir. Direktorlar deyirlər ki, onlar digər şagirdlərə də təsir göstərəcəklər. Bəs neyləyək? Onları taleyin ümidinə buraxmaq olmaz. Bu uşaqlara vaxtında yardım edilməsə, onlar elə küçələrdə ən yaxşı halda bədənlərini satıb yaşayacaqlar”.

Təşkilatdan xatırlatdılar ki, hazırda barlarda, küçələrdə fahişəliklə məşğul olan qızlar da vaxtilə nəzarətsizliyin qurbanı olanlardır. Buna görə də Azərbaycan Uşaqlar Birliyi Təhsil Nazirliyindən küçə uşaqlarının təhsilinə və işlə təminatına yardım göstərilməsini istəyir.