Lənkəranda ehsan tam yığışdırılıb”

 

23

Lənkəran Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev  açıqlamasında ehsan mərasimlərində israfçılığın aradan qaldırılması məqsədilə görülən tədbirlərdən danışıb.  O deyib ki, Lənkəranda – istər şəhərdə, istərsə də kəndlərdə hüzr mərasimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrinə uyğun keçirilir.  Əlimərdan Əliyevin sözlərinə görə, hüzr mərasimlərində ehsanın israfçılıqdan uzaq olması barədə verilən tövsiyə və təkliflər istiqamətində Lənkəranda bir ilə yaxındır əhali arasında təbliğat işləri aparılır:

 

“Son vaxtlar bu iş daha mütəşəkkil şəkildə görülür və real addımlar atılır. Yas mərasimləri xalqın mentalitetində dərin kök salmış ənənələrdən biridir. Amma təəssüf ki, ayrı-ayrı imkanlı şəxslər tədricən xalqın sadə, səmimi, qəm-qüssə yeri olan hüzr mərasimlərini təmtəraq mərasimlərinə çevirmişdi. Mərasimlərə böyük xidmət personalı dəvət olunur, çadırlar gətizdirilir, bahalı xidmət növləri tətbiq edilir, zəngin menyu verilirdi. Sözsüz ki, bu, hamı üçün əlçatan deyildi. İmkansızlar bəzən xəcalət çəkirdi.

 

Amma hüzr məclislərinin belə təmtəraqlı keçirilməsini istəməyən, məqbul saymayanlar həmişə olub.  Bu gün ölkədə hüzr məclisləri ilə bağlı gedən söz-söhbət Lənkəranda Şəhər İcra Hakimiyyətinin, mədəniyyət ocaqlarının, ziyalı zümrəsini əhatə edən qurumların, bütövlükdə ictimaiyyətin diqqət mərkəzindədir, müzakirə obyektidir. Bu tədbirləri inzibati amirlik metodları, hansısa qərar, sərəncam, göstərişlə həyata keçirmək mümkün deyil. İnsanlar arasında kütləvi maarifləndirmə, təbliğat işlərinin aparılmasına ehtiyac var. Lənkəran Şəhər İcra Hakimiyyəti də işini bu cür qurur. Biz parlaq zəkalı ziyalılarımızdan, televiziyamızın gücündən, qəzetdən istifadə edirik, eyni zamanda həmin el məclislərində dəyərli ziyalıların köməyi ilə məsələləri əhaliyə çatdırırıq və çox gözəl qarşılanır.

 

Əhali icra hakimiyyətinin bu sahədəki təşəbbüsünü bəyənir, dəstəkləyir, tövsiyələri başa düşür. İnsanlar anlayır ki, hüzr sahibi doğmasını itirib, bununla bərabər ona maddi ziyan da dəysə, onda hüzr sahibi illərlə özünə gələ bilməz. Hər kəs təklifləri təbii, şüurlu şəkildə qəbul edir, hüzr məclislərində sadə çay süfrəsi açılır, kütləvi ehsan isə tamamilə yığışdırılıb. Sözsüz, uzaq yol gələnlərə bəzən yemək təklif edilir. Artıq cənub bölgəsində bütün kəndlərdə və şəhərdə hüzr məclisləri uzağı üç gün keçirilir. Ölü yiyəsi, camaat daha işdən-gücdən olmur, qonaq-qara qəbul edib yola salmaqdan yorulmur”.  Əlimərdan Əliyev hesab edir ki, toy və yas mərasimlərində baş alıb gedən təmtəraq vaxtilə mövcud dəyərlərin deformasiyaya uğramasının nəticəsidir: “Otuz-qırx il əvvəl insan vəfat edəndə hər bir qonşu evindən yeməyini gətirib rəhmətə gedənin  ailəsində ehsan təşkil edirdi ki, ölü sahibinə mənəvi ziyan dəyib, maddi sıxıntı da üstünə gəlməsin. Amma illərlə bu ənənələr deformasiyaya uğradı, yeni adətlər formalaşdı. Müəyyən imkanlı insanlar istədilər ki, ölülərinin məclisini daha dəbdəbəli keçirsin, bahalı qəbir daşları qoysunlar, bahalı mollalar gətirsinlər.  Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin israfçılıq əleyhinə olan fətvasını yaxşı qiymətləndiririk, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyini dəstəkləyirik. Eyni zamanda Gəncə, Sumqayıt şəhər icra hakimiyyətlərinin maarifləndirmə-təbliğat işləri sahəsində göstərdikləri təşəbbüsləri də bəyənirik. Böyük məsrəflər sərf edib ölüyə məclis qurmağın nə faydası var? Mərhumun balaları özündən sonra niyə kiməsə borclu qalsın? Ölənin məclisini qəmgin keçirmək ailə üzvlərinin borcudur, matəmə şərik olan insanlar da ev sahibinin var-dövlətini yemək əvəzinə ona təskinlik verməlidir.  Adət-ənənələrimizi xilas etmək, insanlara düzgün işlərdə yardımçı olmaq, hətta hüquqi baxımdan onlarla izahat işi aparmaq sahəsində görülən işləri biz də dəstəkləyirik və tətbiq edirik.

 

Məqsədimiz milli ənənələrimizi yad təsirlərdən qorumaq, bayağı təzahürlərdən xilas etmək, insanlarımızın həyat şəraitini daha da yaxşılaşdırmaq, mənəvi itkiyə məruz qalmış şəxslər üçün daha rahat yaşam tərzi formalaşdırmaqdır. Yerlərdə ərazi icra orqanları, bələdiyyələr, məktəb direktorları, ziyalılarımız, ağsaqqallarımız, ağbirçəklərimiz də bu işlərə cəlb edilib. Hər bir hüzr mərasimində tövsiyələr verilir. Hətta çayxanalarda aparılan təbliğatın böyük effekti var, çünki onu kütlə eşidir, belə yerlərdə verilən tövsiyələr də faydalıdır. Mənəvi itkiyə məruz qalmış insan indi özünü daha rahat hiss edir, başsağlığı vermək üçün onun yanına kütləvi şəkildə axışan insanların qarşısında xəcalətli qalmır, əzab çəkmir” (mediaforum.az).