“Ləzzət otağı”nda saxta 100 manatlar tapıldı

Pul

Bakıda külli miqdarda saxta əskinaz dövriyyədən çıxarılıb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Ləzzət otağı” kafesində Kürdəmir rayon sakini Kamil Məmmədov 200 ədəd saxta 100 manatlıq əskinasları satarkən tutulub.

Axtarış zamanı ondan əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta əskinaslar da götürülüb. Araşdırmalarda müəyyən olub ki, Kamil Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.