“Lichess”dən Azərbaycana qarşı təxribat

Dünyanın ən böyük şahmat platformalarından biri olan “Lichess” (lichess.org) Azərbaycana qarşı təxribata yol verib.

Platformanın qeydiyyat bölməsində ölkə seçimləri arasında Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin adı da yer alıb. Həmin bölməni seçdikdən sonra hesabın qarşısında separatçı rejimin əski parçasının simvolu avtomatik əks olunur.

Məsələdən məlumatlı olan azərbaycanlı şahmatsevərlər “Lichess”ə etiraz məktubları göndəriblər. Belə məktubların sayının 500-dən çox olduğu bildirilir.

Eyni zamanda bir neçə azərbaycanlı məşhur şahmatçı da aksiyaya qoşulub. Aydın Süleymanlı, Vasif Durarbəyli, Nicat Abbasov, Gövhər Beydullayeva kimi qrosmeysterlərimiz məsələ həllini tapana qədər platformada oynamaqdan imtina ediblər.

Azərbaycan Şahmat Federasiyası (AŞF) da məsələyə müdaxilə edib – “Lichess”ə etiraz məktubu göndərilib:

“Lichess” müstəqil platformadır. Heç bir Beynəlxalq Şahmat qurumunun və ya təşkilatın təmsilçisi deyil. Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyası adıçəkilən platformaya etiraz məktubu ünvanlayıb. Onlardan təmsilçiliyi olan ölkələrin adları siyahısında düzəliş edilməsi sərt şəkildə tələb olunub”.

Federasiyadan bildirilib ki, müvafiq düzəliş edilməyəcəyi təqdirdə, platformaya sanksiya tətbiq olunacaq:

“İyulun 29-dan avqustun 26-dək Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcək. “Lichess”ə bildirilib ki, düzəliş olunmasa, Dünya Kubokunun partiyalarının həmin platformada yayımına icazə verilməyəcək”.

Eyni zamanda qurum Beynəlxalq Şahmat Federasiyasına (FIDE) məktub ünvanlayacaq və müvafiq qərarların qəbul edilməsi xahiş olunacaq.

Əlavə edək ki, “Lichess” AŞF-nin etiraz məktubuna absurd cavab verib. Qeyd olunub ki, bu, ölkə anlamına gəlməməlidir, sadəcə addır və platforma siyasətə qarışmır.