“Məhsuldarlığın aşağı, maya dəyərin yüksək olması kəndli təsərrüfatlarının iflasına yol açır” – Deputat

Bu il Azərbaycanda 1 058 398,9 hektar sahədə taxıl əkilib. Rəsmi məlumatlara görə, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir. Hazırda orta məhsuldarlıq – arpa üzrə 30,2 sentner, buğda üzrə – 34,4 sentner təşkil edir.

Milli Məclisin üzvü, iqtisadçı-alim Əli Məsimli deyib ki, cari təsərrüfat ilində Şəki rayonunda payızlıq əkinlər üzrə məhsuldarlıq əlverişsiz iqlim şəraiti səbəbindən son dərəcə aşağı olub. Deputatın fikrincə, əslində bu, təbii fəlakət hesab edilməlidir.

Ə. Məsimli bildirib ki, hazırda əksər təsərrüfatlarda sahələrdən 13-17 sentnet məhsul yığılır. Arpa əkinləri üzrə vəziyyət isə daha kritikdir.

Onun sözlərinə görə, Milli Məclisdə təmsil etdiyi Şəkidə əsasən dəmyə əkinçiliyi olduğunu nəzərə aldıqda, kübrə, toxum, herbisid və pestisidlərin bəzən süni şəkildə şişirdilmiş qiymətləri hər hektar üzrə maya dəyəri xeyli artırır. Bu səbəbdən də, bu gün təkcə maya dəyəri qarşılamaq üçün hər hektar üzrə məhsuldarlıq 20-22 sentner olmalıdır.

Deputat deyib ki, bu il taxıl əkən Şəki təsərrüfatlarının xeyli hissəsində kəndli 9 ay əziyyət çəkməyin qarşılığında ziyandadır. Ə. Məsimli təklif edir ki, dövlət Şəkidə və oxşar vəziyyətlə üzləşmiş digər yerlərdə kəndliyə münasibətdə dəstəkləyici tədbirlər görsün. O, buna misal olaraq 2014-cü il təcrübəsini göstərir:

“2014-cü ildə quraqlıq olduğundan Şəki rayonunun fermer təsərrüfatlarına dövlət pulsuz toxum vermişdi. Onu da xüsusilə qeyd etmək lazımdır ki, bu il məhsuldarlıq zəif olduğundan, kəndli təsərrüfatlarının xeyli hissəsi özünü toxumla təchiz edə bilməyəcək. Çünki, yetkin olmayan taxıldan toxum kimi istifadə əlacsızlığın göstərici olmaqla yanaşı, həm də növbəti ildə yaxşı məhsul olmayacağını əvvəlcədən şərtləndirir”.

Ə. Məsimli digər bir məsələ kimi taxılın qiymətini göstərir: “Doğrudur, dövlət dolayısı ilə idxal hesabına unun qiymətini tənzimləyir. Lakin bu gün bazarda qiymətlər 30 qəpik civarındadır. Məhsuldarlığın aşağı, maya dəyərin yüksək olması isə kəndli təsərrüfatlarının iflasına yol açır”.

Ə. Məsimli təklif edir ki, Azərbaycan dövləti xarici ölkələrin təcrübəsində olduğu kimi, alıcı qismində çıxış edərək kəndlidən istehsal etdiyi məhsulu uyğun qiymətə qəbul etsin və bununla da kəndli təsərrüfatlarının iflasının qarşısını alsın.