Mətanət A-nın cərimələri

84

Elxan Bəşirov işçilərinə cərimələr tətbiq edib?

 

Son vaxtlar ölkə mətbuatında “Mətanət A” şirkətinin fəaliyyətində müşahidə olunan müxtəlif qanun pozuntularına dair materiallara tez-tez rast gəlinir. Bu şirkətin rəhbərliyi tərəfindən yol verilən maxinasiyalar barədə məlumatlar isə bir çox instansiyalara, o cümlədən bizim redaksiyamıza da təqdim olunmaqdadır. Bu xüsusda daxil olan məlumatlardan bir qismində “Mətənət A” şirkətində işçilərin əmək haqları ilə bağlı ikili mühasibatın aparıldığı bildirilir. Məlumatlarda qeyd olunur ki, şirkətdə çalışan işçilərin aylıq maaşları 300 manatdan 2500 manata qədər nəzərdə tutulur. Lakin buna baxmayaraq şirkətdə fəhlə kimi çalışanların əksəriyyəti “Dəmir Bank” vasitəsilə 120-170 manat civarında aylıq məvacib alırlar. Qalan məbləğ isə işçilərə şirkətin nəğd pul kassasından ödənilir. Təbii ki, belə əməliyyatlar ilk növbədə dövlət büdcəsinə müvafiq ödəmələrin “qənaət” olunması məqsədini güdür. Şirkət rəhbərliyi bu vəziyyəti ört-basdır etmək üçün müxtəlif vasitələrdən istifadə edir. Mənbələr iddia edirlər ki, “Mətanət A”-nın rəhbəri Elxan Bəşirov rüşvət müqabilində müvafiq qurumlara anlaşaraq hələ ki, bu məsələni nəzarətdə saxlaya bilir.Digər bir məlumatda isə artıq bilavasitə şirkətdə çalışan insanların hüquqlarının pozulması ilə müşayiət olunan başqa maxinasiyadan bəhs olunur. Bildirilir ki, şirkət rəhbərliyi işə qəbul zamanı vətəndaşlara xüsusi qaydada tərtib olunmuş müqavilələr imzalatdırır. Bu müqaviləyə əsasən hər ay işçilərin əmək haqlarından şirkətin hansısa “depozit fondu” üçün məvacibin 10-15%-i məbləğində ödəmələr tutulur. İşçilərə bu addım belə izah olunur ki, həmin məbləğlər əslində yenə də işçinin özünə çatacaq. Sadəcə olaraq onların bu şirkətdə işlədikləri müddətdə guya ki, işçilərə bu fondun hesabına hansısa artımlar əldə etmək imkanı verilir. Lakin əsil həqiqətdə, indiyədək heç bir işçi bu fonddan heç bir xeyir görməyib. Təbii ki, Elxan Bəşirovun özündən başqa. Məlumatlara görə əmək haqlarından tutulan bu faizlər, sivil soyğunçuluq üsulundan başqa bir şey deyildir. Digər tərəfdən də, daxil olan məlumatlarda “Mətanət A” şirkətində burada çalışan işçilərin hüquqlarının pozulması ilə müşayiət olunan bir sıra “təhlükəsizlik tədbirlərinin” həyata keçirildiyi qeyd olunur. İlk növbədə bildirilir ki, tənqidə qarşı son dərəcə dözümsüzlüyü ilə seçilən Elxan Bəşirovun göstərişi ilə müəssisənin bütün künc-bucaqlarına aşkar və gizli müşahidə kameraları, eləcə də dinləmə cihazları yerləşdirilmişdir. Həm də bunda əsas məqsəd təhlükəsizliyin təmin olunması deyil, məhz müəssisə rəhbərliyinin törətdiyi maxinasiyalardan xəbərdar olanların müəyyən edilməsi, bu şəxslər tərəfindən hər hansı informasiyanın şirkətdən kənara ötürülməsi hallarının qarşısının alınmasıdır. Belə işçilər aşkar edildikdə isə, onlara qarşı şirkət rəhbərliyi tərəfindən ən ciddi qabaqlayıcı tədbirlər görülür. Bəzi məlumatlara görə Elxan Bəşirovun göstərişi ilə ilk növbədə “narazıların” imzaları ilə müəyyən sənədlər saxtalaşdırılır. Sonra isə bu işçilərə qarşı irimiqyaslı böhtan kampaniyasına start verilir. Nəticədə isə hər hansı oğurluq və ya mənimsəmədə təqsirləndirilən həmin işçi böyük məbləğlərdə cərimələnərək, rüsvayçılıqla şirkətdən qovulur.Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bir müddət bundan öncə redaksiyamıza daxil olan məlumatlarda, mənbə “EVRO İNŞAAT” şirkətinin rəhbərliyi tərəfindən son vaxtlar bəzi radikal müxalifət partiyalarına maliyyə dəstəyi göstərmək məqsədilə xüsusilə böyük məbləğlərdə vəsaitlərin ayrıldığını bildirmişdi. Məlum olduğu kimi bu şirkətin rəhbəri Bahadur Bəşirov isə həm də “Mətanət A” şirkətinin marketing üzrə vitse-prezidentidir…