Başqalarının səhvlərinə yoxsa öz səhvlərinizə amansız olanlardansınız?

 45

İnsanın faciəsi o zaman başlayır ki, özünün səhvlərini, xətalarını görməməyə başlayır. Ən böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir deyən ingilis tarixçisi Tomas Karleylin düşüncəsinə görə öz səhvini dərk etmək özünütərbiyənin ən başlıca vasitələrindəndir. Bu fikirlərlə tamamilə razıyam. Çünki məhz öz səhvini dərk etmək insanı növbəti xətalardan, səhvlərdən qoruya bilir. Amerika tənqidçisi Con Meyson Braunun sözləri ilə desək köynəyin ilk düyməsi səhv bağlanarsa, o biriləri də səhv bağlanar. Əslində bu bir aksioma kimidir. Dərk edilməyən bir səhv, xəta mütləq digərini doğurur. Qədim Roma filosofu Seneka belə deyirdi: ”Kiçik nöqsanlar bötük səhvlərə aparır”. Böyük alim Blez Paskal bu fikri daha da sərtləşdirərək qəbahətləri boynuna almamaq, səhvləri etiraf etməmək yeni qəbahətlərlə yüklənmək deməkdir deyirdi. Bu bir gerçəkdir ki, insan səhvlərini, xətalarını dərk etmədikcə və düzəltmədikcə səhvlər vərdişə çevrilir və insanın faciəsi də belə başlayır… Məhz səhvlərini, xətalarını vaxtında dərk etmək insanı böyük faciələrdən xilas edə bilər. Çünki biz insan olaraq öz səhvlərimizdən öyrənirik. Həm də çox şey… Təbii ki, dərk etmək və öyrənmək istəsək… Fransız iqtisadçısı və yazarı Viktor Kambonun gözəl bir fikrində deyildiyi kimi insan ən çox öz səhvlərindən öyrənə bilər. Səhvlər, xətalar iki qrupa bölünür. Bilmədən edilən səhvlər və qəsdən edilən səhvlər. Bilmədən edilən səhvlər yanlışlıq adlandırıla bilsə də qəsdən edilən səhv cinayətdir. Bu fikrin müəllifi alman yazıçısı və dramaturqu Bertold Brextlə razılaşmamaq sadəcə mümkünsüzdür…

 İnsan heç bir zaman səhv, xəta etdiyini gizləməməlidir. Çünki səhvsiz, xətasız insan olmaz. Alman şairi və mütəfəkkiri Höte deyirdi ki, bəzi adamlar heç vaxt səhvə yol vermirlər çünki heç nə etmək istəmirlər. Amerika prezidenti Avraam Linkolna görə isə xəta etməkdən qorxan bir insan heç bir şey edə bilməz. Fransız filosofu və dramaturqu Qabriel Onore Marsel isə əsər səhv etməsəydim, çox az iş görə bilərdim deyirdi. İnsanın səhvlərini, xətalarını görə bilməməsi onu faciəyə, görə bilməsi və ondan ibrət alması isə inkişafa aparar. Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandi deyərdi ki, həyatda büdrəməyən insan yoxdur, lakin qəhrəmanlıq odur ki, büdrəyəndə yıxılmayacan. Məhşur bir kəlamda deyildiyi kimi səhv etmək eyib deyil, eyib o səhvi təkrarlamaqdır. Ən böyük xəta xətaların fərqinə varmamaqdır deyirdi şotland yazıçısı Tomas Karleyl. Onun bu fikrini ən gözəl şəkildə fransız yazıçısı Fransua de Loraşfikonun bir firki tamamlayır. ”Səhv etdiyini qəbul etməyənlər ən çox səhv edənlərdir.” Səhvlərini, xətalarını unutmaq da insanın ən böyük xətalarından biri ola bilər. Çünki səhvlərimizi, xətalarımızı unutduğumuz zaman onları yenidən etməyə başlayırıq. Konfutsi deyirdi ki, xəta etmək bir şey deyil, onu unutmaq pisdir.

 Qədim Çin mütəfəkkiri Konfutsi deyirdi ki, ən böyük səhv səhvi düzəltməməkdir. Amerikanın ictimai-siyasi xadimi Bencamin Franklin isə xətaları düzəltmək əvəzinə onları gizləməyin insan psixologiyasına dəhşətli təsirini belə izah edirdi.” Xətaları gizlətmək onları düzəltməkdən daha çox əzab verir.” Qədim Roma dövlət xadimi və natiqi Mark Tulli Siseron isə tarixdə bu möhtəşəm fikrin müəllifi olaraq da qaldı. ”Hər kəs xəta edər, ancaq axmaqlar xətalarında israr edərlər.” Yüzilləri aşan gerçəklərdir bunlar… Gerçəkdən də əslində insanın özündə görə bildiyi, dərk edə bildiyi və ibrət aldığı hər bir xətası, səhvi zəiflik deyil qazanılmış bir zəfəridir. Amerika hərbiçisi Con Mörfinin çox maraqlı bir fikrində deyildiyi kimi xətalara deyil, onlardan aldığımız dərslərə baxmalıyıq.

 Böyük və üstün insanların xətaları ay və günəş tutulması kimidir deyirdi qədim Çin mütəfəkkiri Tszı Hsia. Ona görə də hər bir insan sadəcə özünün deyil başqalarının da xətalarından dərs almalı, öyrənməlidir. Məhşur bir kəlamda deyildiyi kimi başqalarının xətalarından öyrənməliyik çünki hamısını özümüz edəcək qədər vaxtımız yoxdur. Hələ onların hamısını sonradan düzəldə biləcək qədər heç vaxtımız olmaya bilər … Ona görə də bütün həyatımız boyu elə etməliyik ki daha az xətalar, səhvlər edək. Çünki hər bir xəta, səhv özümüzlə bərabər başqalarına, topluma, cəmiyyətə də zərərlər vurur. İnsanlar təssüf ki, ingilis yazıçısı Daniel Defonun vurğuladığı kimi öz səhvlərini yalnız ağır vəziyyətə düşəndə dərk edirlər. Yüzillərdir dəyişməyən bu düşüncəyə insanoğlunun artıq fərqli yanaşması gərəkir. İnsan hər zaman səhvinin, xətalarının fərqində olmalıdır. Çünki atalar sözlərimizdə də deyildiyi kimi sonrakı peşmançılıq fayda vermir. Konfutsinin ehtiyatlı adam nadir hallarda səhv edər hikməti yüzillərdən bu yana bizi doğru düşünməyə və addım atmağa səsləyir. Bu anlamda ən gözəl fikirlərdən biri ingilis bioloqu Tomas Henri Haksliyə aiddir. O, deyirdi ki, bir işi düzgün şəkildə görmək onun nə üçün səhv görüldüyünü izah etməkdən daha az vaxt aparır. Dahi Azərbaycan şairi isə ölməz misraları ilə bu gün də insanlığa səslənir.

 “Çalış bu dünyada səhv eyləmə sən,

 Çox bizim kimlər yanmış səhvindən.”

 “Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmançılığını çəkir”- deyirdi ingilis yazıçısı və ictimai-siyasi xadimi Bencamin Dizraeli. Hər bir insan çalışmalıdır ki, qocalanda peşmançılıq çəkdiyi səhvlərinin sayı az olsun. Bunun ən gözəl yolu isə fransız şairi Sabine Tastunun söylədiyi “başqasının səhvinə dözsək də öz səhvimizə qarşı amansız olmalıyıq” düşüncəsindən keçir. İnsanın problemi o zaman başlayır ki, bu fikrin əksinə olaraq başqalarının səhvlərinə, xətalarına qarşı amansız, öz səhvlərinə qarşı isə dözümlü olur. Hətta bəzən onlara bəraət axtarıcı, ört-basdır edici…Bir insanın faciəsi əslində belə başlayır…

 Özünüzə sual verdinizmi heç… Mən hansı düşüncəyə malik insanlardanam deyə…

 Başqasının səhvinə dözsə də, öz səhvinə amansız olanlardan…

 Yoxsa

 Başqalarının səhvinə amansız olub öz səhvinə dözümlü olanlardan…

 Özümüzə verdiyimiz bu suala özümüzün səmimi cavabı əslində bizi bir çox səhvlərdən, xətalardan qoruya və zamanında onları doğru dərk edib, dərs, ibrət almamıza kömək edə və böyük faciələrdən qoruya bilər. Və ya əksinə…

 

Millət vəkili Qənirə Paşayeva