İlham Əliyevin siyasətinin əsasında gənclər dayanır

7

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “ASAN xidmət” artıq Aərbaycanın brendinə çevrilib. Prezidentin bu istiqamətdəki siyasətinin əsasında Azərbaycan vətəndaşı və gənclər dayanır. Onlar bizim gələcəyimizdir”. Bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışı zamanı deyib.

PA rəsmisinin sözlərinə görə, əsas məqsəd vətəndaş məmnunluğu, şəffaflığın təmin olunması, korrupsiyanın qarşısının alınması, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu ilə vətəndaş arasında yeni münasibətlərin qurulması, yeni düşüncə tərzinin təşəkkül tapmasıdır.

F.Ələsgərov qeyd edib ki, dekabrın 18-dək artıq “ASAN xidmət” mərkəzlərinə 880 min insan müraciət edərək müxtəlif dövlət orqanlarının xidmətlərinDən yararlanıb: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qısa müddət ərzində “ASAN xidmət” əhalinin etimadını qazanıb. Bunu keçirilən sorğular da təsdiq edir. Çox güman ki, fevral-mart aylarınadək Bakıda daha bir “ASAN xidmət” mərkəzi açılacaq. Bu günlərdə isə Gəncədə “ASAN xidmət” mərkəzi açılacaq və ətraf rayonları əhatə edəcək”.

PA rəsmisi bildirib ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı rayonlarda isə səyyar “ASAN xidmət” avtobusları fəaliyyət göstərir. Artıq 37 rayonda 60 mindən çox sakinə xidmət göstərilib.

F.Ələsgərov deyib ki, könüllülər isə “ASAN xidmət”in fəaliyyətinə entizuazm, müasir dünyagörüşü, pozitiv enerji verib. Gələcəkdə dövlət qulluğunda işləmək istəyən gənclər burada təcrübə əldə etmək imkanı qazanır. Artıq yüzlərlə gənc bu fürsətdən istifadə edib: “Bu günədək “ASAN xidmət” mərkəzlərində minədək könüllü fəaliyyət göstərib. Gələcəkdə “ASAN xidmət” mərkəzləri açıldıqca onların sayı da artacaq. Onlar vətəndaşlara dövlət xidmətlərindən istifadə etməyə kömək göstərirlər. Mən gənclər və idman naziri Azad Rəhimova müraciət etmişəm ki, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına könüllülərin cəlb olunmasına kömək etsin. İnanıram ki, könüllülər bu etimadı doğruldacaqlar”. (Trend)