“Macarıstanla əməkdaşlığımız ancaq təbii qazın ixracı ilə kifayətlənmir” – Deputat

Azərbaycan-Macarıstan əlaqələri strateji əməkdaşlıq üzərində qurularaq dostluq və qardaşlıq müstəvisində möhkəmlənməkdədir. Macarıstan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Amma Macarıstanla əməkdaşlığımızın dərinləşməsinin dinamikası son 10 ildə daha da sürətlənib. Macarıstan Avropa İttifaqının (Aİ) üzvüdür və bu ölkə ilə əməkdaşlığımızın genişlənməsi təşkilata daxil olan dövlətlərlə əlaqələrimizin güclənməsinə müsbət təsir göstərir.

Bu gün dünyada baş verən siyasi və iqtisadi proseslər ölkələrarası münasibətlərə yenidən baxılmasını və özlərinə yeni partnyorların seçilməsini vacib edir. Rusiya-Ukrayna müharibəsinin baş verməsi ilə bağlı tətbiq olunmuş sanksiyalar mövcud ənənəvi təchizat və nəqliyyat marşrutlarına yenidən baxılmasını aktuallaşdırır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində illər əvvəl ölkəmizin nəqliyyat sektorunun inkişaf etdirilməsi və beynəlxalq dəhlizlərin ərsəyə gətirilməsi ilə bağlı həyata keçirilmiş layihələr bugünkü yeni reallıqda Azərbaycanın dünya üçün əhəmiyyətini artırıb. Macarıstan Azərbaycanın beynəlxalq daşımalarda yaratdığı yeni imkanlardan istifadə edir. Nəticədə isə ölkəmizin ərazisindən beynəlxalq daşımalara başlanılıb. O cümlədən Macarıstan Zəngəzur dəhlizinin açılmasını dəstəkləməklə beynəlxalq daşımaların daha səmərəli olmasına töhfə verir.

Bu sözləri Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac edəcəyimiz qazın həcminin artırılması ilə bağlı Azərbaycanla Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sazişə uyğun olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) istifadəyə verilib. Xəzər dənizində təsdiq olunmuş qaz ehtiyatları ən azından 100 ildə Avropa İttifaqını qazla təchiz etməyimizə imkan verəcək. Bundan əlavə, Macarıstanla əməkdaşlığımız ancaq təbii qazın ixracı ilə kifayətlənmir. Həm də Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin Macarıstana ixracı ilə bağlı razılıq əldə olunub. Belə ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə Qara dənizin dibi ilə yüksəkgərginlikli elektrik kabel xətləri çəkilərək yaşıl enerjimiz Avropaya idxal olunacaq.

“Azərbaycanla Macarıstan qarşılıqlı investisiyalar yatırmaqla da əməkdaşlığını genişləndirir. Belə ki, Macarıstanla qida sənayesi və əczaçılıq sahəsində əməkdaşlığımız genişlənir. Macarıstanın aviadaşıyıcıları Azərbaycana birbaşa təyyarə reyslərini təşkil etməklə turizm sektorunun inkişafına töhfə verir. O cümlədən Macarıstanla təhsil sahəsində əməkdaşlığımız genişlənir. Azərbaycanlı 200 tələbə Macarıstan dövləti hesabına təhsil alır. O cümlədən tələbələrə Macarıstan dövləti təqaüdlər verir. Həm də bu ölkə ilə peşə təhsili sahəsində gələcəkdə əməkdaşlığımız müzakirə olunur.

Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasında dost ölkələrin iştirak edəcəyini bildirib. Bu gün Macarıstan şirkətlərinin Qarabağda tikinti-quruculuq işlərini həyata keçirilməsi əsil dostluğun göstəricisidir. Eyni zamanda, hər iki dövlət Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Ölkələrimiz təmsil olunduğu beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir və ədalətli qərarların qəbul olunmasına töhfə verir”, – deyə deputat bildirib.

A.Badamov əlavə edib ki, dövlətimizin başçısının Macarıstanın Milli Günü münasibətilə keçirilən tədbirlərə dəvət alması prezidentlər arasındakı şəxsi dostluq münasibətlərindən irəli gəlir. Prezident İlham Əliyevin Macarıstana bu səfəri də Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə və dostlarımızla münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verəcək.