Mahir Abbaszadə: “Tarix gerçəkliyi ortaya qoydu.”

“Tarix sübut elədi ki, Əli Kərimli, Sevinc Osmanqızı kimi insanlar bu günə qədər Azərbaycan dövlətinin uğurlarına sevinmədikləri kimi, yenə də ağa qara deməkdən çəkinmirlər. Hadisələr göstərdi ki, bu adamlar riyakardırlar, yalançıdırlar”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Mahir Abbaszadə Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etdiyi bir ərəfədə daxildəki radikal qüvvələrin keçirdiyi aksiya “təlaşına” diqqət çəkərkən bildirib.

Deputat qeyd edib ki, tarix gerçəkliyi ortaya qoydu.

“Tarix bir daha sübut elədi ki, bütün məsələlərdə İlham Əliyevin siyasəti Azərbaycan xalqının dövlətinin mənafelərinə uyğundur.

44 günlük Vətən Müharibəsində qələbə əldə edildikdən sonra Rusiya, Azərbaycan Prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr Bəyannaməsini imzaladı. Ərazidə sülh və təhlükəsizlik, birgə yaşayışı təmin etmək məqsədi ilə sülhməramlı kontingent fəaliyyətə başladı. Həmin bəyannamənin müddəlarına uyğun olaraq Rusiya hərbi kontingenti 2025-ci ildə ərazini tərk etməli idi və artıq bu gün tərk etməkdədir. Bu, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanın həyata keçirdiyi düşünülmüş və xalqın mənafelərini özündə ifadə edən uğurlu diplomatiyasının məntiqi nəticəsidir. Görünən reallıq budur ki, Cənubi Qafqazda istənilən siyasi hadisə ölkə Prezidentinin iradəsi ilə həll olunur”.

M.Abbaszadə bildirib ki, bu gün özlərini radikal müxalifət adlandıran Milli Şuranın bəzi üzvləri, başda Əli Kərimli olmaqla, eləcə də Amerikada oturub Azərbaycan əleyhinə təbliğat aparan Sevinc Osmanqızı kimiləri riyakarlıqdan əl çəkmirlər.

“Bu şəxslər Azərbaycan düşmənə qələbə qazanandan sonra təbliğat aparırdılar ki, guya bölgəmizə gələn sülhməramlılar Azərbaycanda daimi qalacaq və bəzən buna görə ölkə rəhbərini qınayırdılar. Amma hadisələr Azərbaycan Prezidentinin apardığı siyasətin uğurlu nəticəsini yenidən ortaya qoydu. Ona görə də bu gün Osmanqızı və Əli Kərimli kimiləri özlərində zərrə qədər cəsarət hiss eləsələr xalqdan və Prezident İlham Əliyevdən üz istəyərək Azərbaycan dövlətini və siyasətini birdəfəlik tərk edərlər”.