“Makronun “soyqırımı” ifadəsi işlətməməsi erməniləri əməlli başlı dilxor edib” – Deputat

“Mən bu termini tələsik işlətməkdən çəkinərdim”.

Bunu “Le Pointe” nəşrinə müsahibə zamanı jurnalistin: “Qarabağda baş verənləri “soyqırım” adlandırmaq olarmı?” sualına cavab verərkən Fransa prezidenti Emmanuel Makron deyib.

Fransa prezidentinin bu cavabı erməniləri xeyli təəccübləndirib. Çünki, ermənilər Makronu özlərinin ən böyük müdafiəçisi kimi görürlər. Ona görə də Makronun “soyqırımı” ifadəsi işlətməməsi erməniləri əməlli başlı dilxor edib. Əslinə baxsan Makronun bu cür mövqe sərgiləməsi ermənilərə bir mesajdır. Artıq rəsmi Paris erməni diasporunun təzyiqlərindən bezib. Üstəlik, Makron iqtidarı artıq ermənilərin hər dediklərini icra edə bilmir.

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ermənistan və Qarabağda yaşayan ermənilər Azərbaycanın haqlı tələblərini qəbul etməyə məhkumdurlar:

“Azərbaycan diplomatiyasının BMT müstəvisində qazandığı uğur təkcə Ermənistana deyil, onun havadarlarına da ciddi təsir göstərib.

Belə ki, dünyanın ən böyük beynəlxalq təşkilatında Azərbaycana qarşı qətnamə qəbul edilməsinə çalışan İrəvan bu fəaliyyətində tam fiaskoya uğradı. Onu hətta ən yüksək səviyyədə müdafiə edən Fransa belə bütün cəhdlərə rəğmən anti-Azərbaycan sənədinin qəbuluna nail ola bilmədi. Hesab edirəm ki, bu hadisə sözün həqiqi mənasında həm Ermənistanda, həm də Qarabağdakı separatçılar arasında ruh düşkünlüyünə səbəb olub. Bunun nəticəsidir ki, onlar artıq üçüncü çıxış yoluna baxmaq zorundadırlar.

Birinci çıxış yolu hərbi yoldur. Hərb məsələsində Azərbaycanla üz-üzə gəlmək isə özünə ölüm hökmü çıxarmaqdan başqa bir şey deyil.

Diplomatik istiqamətdə də ermənilər BMT-də biabırçı məğlubiyyətə düçar oldular. 

Belədə, ermənilər üçüncü yolu, Azərbaycanla danışıqlara gedərək, irəli sürdüyümüz təklifləri qəbul etməlidirlər. Hansı ki, bu təkliflər Ermənistanla yanaşı, Qarabağdakı ermənilər üçün olduqca faydalıdır. Bu Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasının tərkib hissəsidir və bu proses mərhələ-mərhələ həyata keçir”.

Deputat qeyd edib ki, Fransa Prezidenti dünya ictimaiyyətinin erməni yalanlarından bezməsinin təsiri altında İrəvanın istəyinə uyğun gəlməyən cavabı verib: 

“Təsadüfi deyil ki, Qarabağdakı erməni tör-töküntüləri də artıq Ağdam-Xankəndi yolu ideyasını qəbul etməyə başlayıblar. Halbuki, ona qədər belə bir yolun mövcudluğunu belə istisna edirdilər.
İndi reallıqlar o qədər dəyişib ki, artıq təpədən dırnağa qədər ermənipərəst mövqedə olan Makronun davranışında da bu hiss olunmaqdadır. Onun nəticəsidir ki, Makron son müsahibəsində Qarabağda yaşanan hadisələri “soyqırım” adlandırmaq olarmı sualına, yox deyərək, belə tələm-tələsik ifadələr işlətməyin əleyhinə olduğunu söyləyib.

Bununla da ermənilərin ürəyindən keçən cavabı verməyib. Makron da görür ki, beynəlxalq ictimaiyyət ermənilərin siyasi oyunbazlığından artıq bezib. Ona görə Makron da qəribə səslənsə də, erməniləri məmnun etməyən cavab verib. Bütün bunlarsa Azərbaycanın apardığı fəaliyyətinin haqq işi olduğunu göstərir”.