Səhərim – Zəfərim oldu…

Gecənin qaranlığı ağır yük kimi çiyinlərimə çöküb sanki. Sıxılıram, əzilirəm nədənsə. Yoluna dikilmiş baxışlarım da can verir artıq. Təkcə ürəyim yox, dizlərinə çarəsiz-çarəsiz çırpan ümidim də, sənə çaldığım layla da ağlayır sənsizlikdən. Pərən-pərən düşmüş dərdim didim-didim göynəyir, ağrıyır. Əlim-ünüm yetmir dərdlərimin saçlarına  sığal çəkib  ovutmağa. İçimdə sözlərim azıb ­– arayıb-tapa bilmir ürəyimin yolunu.  Çoxdan itirdiyim vaxtın qapısını gəzirəm indi – səni tez görmək,  torpağının codlaşmış tellərini öpüb-qucaqlamaq, köksünə sarılmaq üçün. Həsrət ələmindən qurtulmaq, sevincdən, sevgidən yoğrulan göz yaşlarına bələnmək istəyirəm, Vətən!..

 Bu nə, Allah!.. Qələbə qoxusu, qələbə ətri! Ruhum sehrlənir sanki.

Açıq pəncərəmdən gözəl bir səhər mehi pərvazlanıb otağıma tələsir.  Oyandırır məni yükü çiyinlərimi əzən qaranlıq gecənin ələmli aləmindən. Əyilib hünərin alnından öpən göy üzünə təslim edir özünü zülmət gecə. Dan yeri görünür artıq…

 Səhərim – Zəfərim oldu o gün; mənim, sənin zəfərin. Zəfərin, Qələbən, Qəhrəmanlıq salnamən mübarək, Vətən! İgid oğullarının – ölümə ölüm oxuyan Çingizlərinin, Mirələmlərinin, Mübarizlərinin, Poladlarının, İlqarlarının, Fəridlərinin… ruhu rahatlıq tapsın!  

Şəhid ruhunun qərar tutduğu zirvələr, ənginliklər, “Çingiz zirvəsi” də “sevinir” artıq indi… Qalibiyyətiniz mübarək, “Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir! – hayqıraraq döyüşə atılan, bu yolda canından keçib şəhid düşən övladlarımız! Qarabağın qurtuluş zəfərinə şahid olan ruhunuz cənnətməkan olsun daim, gözlərində Günəş gülən şəhidlərimiz! 

Güclü ordum, Ali Baş Komandanım, gözünüz aydın olsun!

Zəfərin, Qələbən əbədiyaşarlığa varsın, ey ulu odum-ocağım, torpağım-daşım mənim, uludan ulu  Vətənim!

Yeganə Məmmədova

 Yazı “Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “Ən yaxşı yazı” müsabiqəsinə təqdim olunur.